Xəbərlər

BANM-in builki məzunu: “Burada dəqiqlik, komanda ilə iş, dil bacarıqları və yüksək təhsil qazandım”

Arif Rüstəmov Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının builki məzunlarındandır. O, 2017-ci ildə 685 balla BANM-ə daxil olub. Aktiv tələbələrdən olan Arif Bakı Ali Neft Məktəbində baş laborant vəzifəsində çalışacaq.

O, tələbəlik dövründə bir çox layihədə uğurla iştirak edib. 2019-cu ildə “SPE Azerbaijan” tərəfindən təşkil olunmuş “SPE Young Talents Program”ına daxil olub. Həmin ildə eiLink Elmi Araşdırma və Tədqiqat Mərkəzində könüllü kimi fəaliyyət göstərib, süni intellekt vasitəsilə quyu məlumatlarının inversiyası layihəsinin fəal iştirakçılarından olub. Bundan əlavə, 2018-2019 və 2019-2020-ci illərdə “SPE BHOS Student Chapter”ə könüllü olaraq qatılıb.

O, Bakı Ali Neft Məktəbinin ona dəqiqlik, komanda ilə iş, professional dil bacarıqları və yüksək təhsil qazandırdığını bildirir.

Arif BANM-dəki standartların onu qane etdiyi üçün burada çalışmağı seçdiyini deyir: “BANM-də işləyən əməkdaşlarla söhbət edərkən, standartların məni tamamilə qane etdiyini anladım. Bu standartlara mehriban və gülərüz kollektiv, yüksək səviyyəli iş şəraiti və yüksək maaş daxildir”.

#BANM #BHOS #mezun2022 #neftqazmühəndisliyi