Xəbərlər

BANM tələbələri Enactus yarışında III yeri qazanıblar

BANM tələbələri “Enactus” yarışında III yeri qazanıblar

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri “Enactus Azərbaycan” milli yarışının final mərhələsində iştirak edərək III yerə layiq görülüb və müxtəlif hədiyyələrlə təltif ediliblər.

BANM tələbələri yarışa “Agroficient” adlı layihə ilə qatılıblar. Layihənin məsləhətçiləri BANM-in İnnovasiyalar və Tədqiqatlar Mərkəzinin rəhbəri Farad Kamyabi və əməkdaşı Elmar Əsgərzadədir. Komandada Kimya mühəndisliyi ixtisasının III kurs tələbəsi Mirkazım Ağayev (komanda rəhbəri), həmin ixtisasın II kurs tələbəsi Firəngiz Süleymanova, IV kurs tələbəsi Leyla Osmanova, Neft-qaz mühəndisliyi ixtisasının II kurs tələbəsi Malik Sultanov, III kurs tələbəsi Emil Hüseynli, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının III kurs tələbəsi Cəmilə Əbilova təmsil olunur.

Yarışda Kimya mühəndisliyinin IV kurs tələbələri Cəbrayıl Abdinbəyov, Ayşən Zülfiyeva, Neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbəsi Uğur Paşayev və İnformasiya təhlükəsizliyi ixtisasının II kurs tələbəsi Rəvan Hacıyev də iştirak ediblər.

”Agroficient” layihəsi kənd təsərrüfatında əkin sahəsi ilə məşğul olan sahibkarların suvarma zamanı su sərfiyyatını azaltmaq və məhsuldarlığı artırmağı nəzərdə tutur. BANM tələbələrinin hazırladığı layihədən 5 benefisiar yararlanaraq məhsuldarlığın xeyli artdığını bildirib.