Xəbərlər

Bakı Ali Neft Məktəbinin Rektoru Elmar Qasımov Bakıda keçiriləcək “Teknofest”də iştirak etmək haqqı qazanan BANM tələbələrini təbrik edib:

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov may ayında Bakıda keçiriləcək Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “Teknofest”də iştirak etmək haqqı qazanan BANM tələbələrini təbrik edib:

Əziz tələbələr, bu il Bakıda keçiriləcək Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “Teknofest”də iştirak etmək haqqı qazanan Bakı Ali Neft Məktəbinin tələbələrindən ibarət komandaların hər birini təbrik edirəm!

BANM-i təmsil edən 25 komandanın Festivalın növbəti mərhələsinə keçməsi hər birimizi ürəkdən sevindirdi. Komandalarınız “Teknofest”in 7 müsabiqəsi üzrə yüksək nəticələr göstərərək növbəti mərhələyə keçib. BANM-i təmsil edən 3 komanda 2 müxtəlif müsabiqə üzrə növbəti mərhələdə iştirak edəcək. Onlar “Aqrar texnologiyalar” və “Sosial yönümlü texnologiyalar” üzrə “Həkəri”, “Yaşıl texnologiyalar” və “Aqrar texnologiyalar” üzrə “Xəzri”, “Robotexnika” və “Cansat” üzrə “Mübariz” komandalarıdır. Bütün komandaların bu Beynəlxalq Festivalda Ali Məktəbimizi layiqincə təmsil edəcəyinə əminik.

“Teknofest” festivalı “Türkiyə Texnologiya Komandası” – T3 Fondu və Türkiyənin Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il təşkil olunur. “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalının Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsi iki ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürüdür.

Çox qürurverici haldır ki, tələbələrimiz nüfuzlu beynəlxalq və ölkə əhəmiyyətli yarışlara, müsabiqə və festivallara qatılaraq nailiyyətlərə imza atırlar. BANM-in tələbələri Azərbaycanın intellektual əsgərləridirlər. Tələbələrimiz Amerika və Avropanın ən nüfuzlu ali məktəblərində təhsillərini davam etdirir, transmilli şirkətlərdə çalışırlar. Siz Bakı Ali Neft Məktəbinin tələbəsi adına layiq görülməklə həyatınızın ən önəmli və ilk uğurunu qazanmısınız. Bu uğur sizin təhsiliniz və həyatınız boyu qazanacağınız digər uğurlarınızın başlanğıcıdır və hər zaman sizi müşayiət edəcək.

#banm #bhos #tebrik #rektor #teknofest #uğur