Xəbərlər

Bakı Ali Neft Məktəbinin nümayəndələri ECAR Erasmus+ layihəsi çərçivəsində Fransada səfərdə olublar

Bakı Ali Neft Məktəbinin (BANM) Tədris və elmi işlər üzrə prorektoru Zəfər Qurbanov və Keyfiyyətin təminatı şöbəsinin böyük metodisti Bağçagül İmanova Parisdə Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyasının maliyyələşdirdiyi ECAR Erasmus+ layihəsi çərçivəsində görüşlərdə və təlimlərdə iştirak ediblər.

Səfərin məqsədi Azərbaycanda Rektorlar Konfransının yaradılması üçün Avropa Rektorlar Konfrasının təcrübələrinin öyrənilməsi olub. Səfərə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Biznes Universitetinin rektoru və  digər tərəfdaş universitetlərin prorektor və rəhbər heyətindən ibarət 30 nəfərlik nümayəndə qatılıb.

Fransa Rektorlar Konfransı (CPU) və Fransa Beynəlxalq Təhsil Mərkəzinin (FEİ) təşkilatçılığı ilə həyata keçirilən səfərdə Fransa təhsil sistemi və Fransa Rektorlar Konfransının ali təhsildə rolu, təşkilati strukturu, maliyyələşmə mexanizmi, üzvlük qaydaları, strateji məqsədləri,  beynəlxalq əlaqələri və CPU-nun digər maraqlı tərəfdaşlarla əməkdaşlığı haqqında məlumat verilib. Sonda CPU-nun universitetlərlə qarşılıqlı əməkdaşlığının öyrənilməsi məqsədilə Sorbon Universiteti ilə tanışlıq olub.

Azərbaycan universitetlərindən gedən heyət Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və Parlamentinin sədri Əlimərdan bəy Topçubaşov və mütəfəkkir, yazıçı Ceyhun Hacıbəylinin məzarını da ziyarət edib, Azərbaycan-Fransa Mədəniyyət evində təşkil edilən tədbirdə iştirak ediblər.

ECAR layihəsi çərçivəsində həyata keçirilən ilk təlimdən sonra Rektorlar Konfransının yaradılması üçün birgə tərəfdaşlardan olan İsveç, Polşa və Belçikada da təlimlərdə iştirak nəzərdə tutulur.