Xəbərlər

Bakı Ali Neft Məktəbinin professoru beynəlxalq konfransda sədr seçilib

Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin Avtomatlaşdırılması mühəndisliyi kafedrasının professoru  Qanço Vaçkov Bolqarıstanın Sozopol şəhərində Ümumdünya Avtomatik İdarəetmə Sistemləri Təşkilatının (IFAC)  keçirdiyi  “Texnologiya, Mədəniyyət və Beynəlxalq Sabitlik 2019” (“TECIS 2019”) 19-cu beynəlxalq elmi konfransında iştirak edib.

 

Konfransda informasiya texnologiyalarının inkişafı və yeni tendensiyaları, müasir texnologiyaların tətbiqi, eləcə də avtomatika sahəsi üçün innovativ, perspektivli ideyalar və proqramlar müzakirə edilib.

 

Konfransın plenar iclasında BANM-in professoru "Mürəkkəb maşınlarda və sənaye sistemlərində dəyişikliklərin və fəaliyyətin pisləşməsinin aşkarlanması" mövzusunda məruzə ilə çıxış edib. Konfrans zamanı professor Q.Vaçkov “Ağıllı Sistemlər və Tətbiqlər – II” adlı seksiyasının sədri seçilib və “Fasiləsiz istehsal zamanı anomaliya və dəyişikliyin aşkarlanması üçün məlumat axınları” adlı təqdimatla çıxış edib. Təqdimat konfrans iştirakçılarının böyük marağına səbəb olub.

 

TECIS-2019 IFAC təşkilatı tərəfindən hər il keçirilən beynəlxalq konfransdır. Bu il konfransa 18 ölkədən, o cümlədən Rusiya, Bolqarıstan, digər Avropa ölkələrindən, Yaxın Şərqdən, Hindistandan və ABŞ-dan 130-dan çox məruzəçi qatılıb. Sonuncu TECIS-2018 Bakıda keçirilib.