Xəbərlər

Elmar Qasımov Bakı Ali Neft Məktəbində təhsil alan əcnəbi tələbələrlə görüşüb

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov 2019/20-ci tədris ilində BANM-də təhsil alacaq əcnəbi tələbələrlə görüşüb. Görüşdə Ali Məktəbin müxtəlif kafedra və şöbələrinin nümayəndələri də iştirak edib.

 

Görüşdə çıxışı zamanı rektor tolerant və multikultural ənənələri ilə seçilən ölkəmizdə, həmçinin Bakı Ali Neft Məktəbində əcnəbi tələblər üçün yaradılan şəraitdən söz açıb. Yeni tədris ilində Bakı Ali Neft Məktəbində müxtəlif xalqlara mənsub 17 nəfər əcnəbi tələbənin təhsil almasını peşəkar mütəxəssis hazırlanması istiqamətində aparılan düzgün təbliğatın nəticəsi olduğunu qeyd edib.

 

Rektor bildirib ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli qərarı ilə təsdiq edilib.

 

Daha sonra, ali təhsil müəssisəsinin keçdiyi tarixi inkişaf yolu, son illər qazanılan uğurları, beynəlxalq əlaqələri və həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verən rektor Ali Məktəbdə müxtəlif ixtisaslar üzrə təhsil alan əcnəbi tələbələrin təhsili və ehtiyacları ilə yaxından maraqlanıb.

 

E.Qasımov tələbələrin hər birinin təkliflərini dinləyərək, onların reallaşdırılması üçün müvafiq şöbə və kafedralara tapşırıqlarını verib.

 

Əcnəbi tələbələr isə öz növbəsində onların təhsil almaları üçün yaradılmış hərtərəfli şəraitə görə Ali Məktəbin rəhbərliyinə, professor-müəllim heyətinə dərin minnətdarlıqlarını bildiriblər.

 

Sonda rektor tələbələrə uğurlar arzulayaraq onları dərslərində və Ali Məktəb tərəfindən reallaşdırılan sosial tədbirlərdə  aktiv olmağa çağırıb.