Xəbərlər
Bakı Ali Neft Məktəbinin tələbələri ingiliscə peşəkar texniki bacarıqlar kursuna dəvət edilir
Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Beynəlxalq Bankının (ABB) nümayəndələri ilə görüş keçirilib. Görüşün əsas məqsədi yenicə yaradılmış “IBA Tech” Akademiyası və “DAN.İT” beynəlxalq təhsil mərkəzinin birgə həyata keçirdiyi kurslar barədə BANM tələbələrinə məlumat vermək və onların bu kursda aktiv iştirakını təşviq etmək olub.
Qonaqları salamlayan Bakı Ali Neft Məktəbinin prorektoru Rəşad Həsənov müasir dövrdə informasiya texnologiyaları, avtomatika mühəndisliyi, eləcə də, informasiya təhlükəsizliyi sahələrinə tələbatın artdığını və BANM-də bu sahələr üzrə mütəxəssis hazırlığına xüsusi diqqət göstərildiyini qeyd edib.
ABB-nin İdarə Heyəti sədrinin müşaviri Zaur Ələkbərov “IBA Tech” Akademiyası haqqında məlumat verərək bildirib ki, bu ideya bankın Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində yaranıb. Kursların tələbələr üçün pulsuz olaraq 2 ay yarım davam edəcəyini qeyd edən müşavir əlavə edib ki, tələbələrin yekun nəticələri uğurlu olarsa, gələcəkdə işlə təmin edilmə şansları yüksək olacaq.
Bankın İnsan Resursları üzrə məsul əməkdaşı Zemfira Babazadə bildirib ki, kurslar İsrailin TELEM metodologiyası əsasında keçiriləcək və əsasən burada tələbələrə: konstruktiv ünsiyyət və davranış bacarığı (soft skills) və peşəkar texniki bacarıqlar (hard skills) öyrədiləcək. Həmçinin o vurğulayıb ki, “DAN.IT” beynəlxalq təhsil mərkəzinin təcrübəli ekspertləri kursda tələbələrə 4 modul üzrə ingiliscə praktiki təlimlər keçəcəklər. Dörd modulu uğurla başa vuran tələbələr məzun olaraq həm “IBA Tech” Akademiyası, həm də “DAN.İT” beynəlxalq tədris mərkəzinin sertifikatlarını əldə edəcəklər.
ABB-nin IT developeri Cavid Müseyibli bildirib ki, kursa texnologiya sahəsinə marağı olan 18 yaşından yuxarı istənilən tələbə müraciət edə bilər və qeydiyyatı uğurla tamamlayan tələbələr aşağıdakı mərhələləri keçməlidir:
Texniki Bilik testi mərhələsi - tələbələrin proqramlaşdırma sahəsində texniki bilik və bacarıqları yoxlanılacaq.
Adam Milo testi mərhələsi - tələbələrin məntiqi təfəkkür qabiliyyəti, düşüncə tərzi və diqqəti yoxlanılacaq.
Müsahibə mərhələsi – “DAN.IT” beynəxalq təhsil mərkəzinin ekspertləri hər iki mərhələni uğurla keçmiş namizədlərlə onlayn müsahibələr aparacaqlar.
Namizədlərdən ən uğurlu 100 tələbə kursa seçiləcək və kursun proqramı 300 saatı əhatə edəcək.
Kurslara 10 oktyabrdan start verilir . Sənəd qəbulu üçün son tarix isə 30 sentyabrdır.