Xəbərlər
Bakı Ali Neft Məktəbində III Respublika İnnovasiya Müsabiqəsinə dair tədbir keçirilib
Bakı Ali Neft Məktəbində (BANM) İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı Nümayəndəliyi ilə birgə elan edilmiş 3-cü Respublika İnnovasiya Müsabiqəsinin maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə İqtisadiyyat Nazirliyinin şöbə müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində İnnovasiyalar sektorunun müdiri Şəbnəm Məmmədova, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov, BANM-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BANM-in Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov Bakı Ali Neft Məktəbinin professor-müəllim heyətinin hər zaman innovativ ideyaları dəstəklədiyini, rektor Elmar Qasımovun əmri ilə Ali Məktəbdə İnnovasiyalar və Tədqiqatlar Mərkəzinin yaradıldığını, bu sahədə xarici şirkətlərlə əməkdaşlıqların qurulduğunu və BANM tələbələrinin innovasiya müsabiqələrində hər zaman uğur qazandıqlarını qonaqların nəzərinə çatdırıb.
İqtisadiyyat Nazirliyinin şöbə müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov keçirilmiş Respublika İnnovasiya Müsabiqələrində BANM tələbələrinin hər zaman aktiv iştirak etdiyini, ötən il BANM-in tələbələrinin qalib olduğunu qeyd edib. Həmçinin o, gənclərin müxtəlif problemlərə dair yeni həll təkliflərini startap formatında təqdim etməsinin vacibliyini vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində İnnovasiyalar sektorunun müdiri Şəbnəm Məmmədova startap ideyaların gündəlik ehtiyaclardan yarandığını qeyd edib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov startapın uğurlu olması üçün onun kommersiyalaşmasının vacib olduğuna diqqəti çəkib. “Ümid edirəm ki, tələbə-gənclərin aktivliyi sayəsində daha çox faydalı, parlaq ideyaların və onların kommersiyalaşmasını görmək nəsib olacaq”- deyə o BANM tələbələrini müsabiqədə fəal olmağa çağırıb.
Xatırladaq ki, ötən il 2-ci Respublika İnnovasiya Müsabiqəsinin qalibləri BANM-in tələbələri - Elmar Əsgərzadə, Hüseyn Əliyev, Yadigar Nəzərov, Murad Rəhimov, Aleksandr Oborovskiy və onların elmi rəhbəri, BANM-ın dosenti Əmir Rza Vaxşuri ilə birgə hazırladığı “ThermoNorth” startapı olub və qaliblər 5000 AZN məbləğində pul mükafatı əldə ediblər.
Bu il isə müsabiqədə iştirak etmək istəyən namizədlər müxtəlif sahələri əhatə edən layihə və innovativ ideyalarını oktyabrın 7-dək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İdeya Bankı” (www.ideya.az) platforması, habelə narmin.babayeva@economy.gov.az elektron poçtu vasitəsi ilə təqdim edilə bilər. Müsabiqənin qalibləri müvafiq olaraq I yer – 5000 AZN, II yer – 3000 AZN, III yer – 2000 AZN məbləğində pul mükafatı qazanacaq. Bundan əlavə, müsabiqə çərçivəsində 2019-cu il üçün qalib elan olacaq 2 komanda Estoniyada keçiriləcək “STARTUp Day” proqramında iştirak hüququ qazanacaq.