Xəbərlər
Bakı Ali Neft Məktəbinin müəllimləri İspaniyanın Alcala Universitetində səfərdə olublar
Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi kafedrasının baş müəllimi Farad Kamyabi və müəllimi Samin Məlik Erasmus+ mübadilə proqramı çərçivəsində BANM ilə mövcud əlaqələrin möhkəmləndirilməsi, əməkdaşlığın digər sahələri üzrə müzakirələrin aparılması və təşkil olunan Beynəlxalq işçi həftəsində iştirak etmək üçün İspaniyanın Alkala de Henares şəhərinə yerləşən Alcala Universitetinə (AU) səfər ediblər.
Səfər zamanı AU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Xuliyo Kanero Serrano və Avropa üzrə beynəlxalq əlaqələr şöbəsinin müdiri professor Antoniyo Querrero ilə görüş baş tutub. Görüş zamanı iki universitet arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, tədqiqat layihələri üzərində birgə işlərin aparılması kimi strateji məsələlərin müzakirəsi aparılıb. Əməkdaşlarımız görüş zamanı həmçinin mübadilə proqramı çərçivəsində BANM-ın AU-da təhsil alan tələbələrinin sosial həyatı və tədrisdə vəziyyətləri barədə maraqlanıblar.
Professor Xuliyo Kanero Serrano iki ölkə arasında təhsil sahəsində perspektivlər üçün BANM ilə AU-nun əməkdaşlıq etməsinin vacibliyini qeyd edib və bu əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, BANM-dan gələn tələbələr haqqında müsbət fikirlər söyləyib, onların elmi hazırlığı, davranışı və AU-dakı təhsilləri zamanı aktivlikləri ilə seçilməklərini xüsusi qeyd edib.
Heyət həftəsində mütəxəssislər tərəfindən tədqiqat layihələrinin hazırlanmasını, prioritet sahələrin aşkara çıxarılmasını, məlumatların emalını, həmçinin tədqiqat müddətində yerli və xarici universitetlərlə əməkdaşlığın vacibliyini əhatə edən geniş təqdimatlar olub.
BANM əməkdaşları Ali məktəb haqqında 8 fərqli ölkə universitetlərindən gələn nümayəndə heyətinə xüsusi təqdimat edib. Təqdimatda BANM-ın yeni kampusunda təlim və tədris işləri üçün yaradılan yüksək səviyyəli şəraitdən söz açılıb. Mühəndislik sahəsində mövcud laboratoriyalar haqqında məlumat, tədris proqramlarının müasirliyi və zənginliyi Ali məktəbə olan marağı daha da artırıb. BANM-ın əməkdaşlıq etdiyi universitetlər, yerli və xarici şirkətlər, eləcə də məzunların karyeraları, tələbələrin yay istehsalat təcrübələri haqqında verilən informasiyalar diqqətlə dinlənilib.
AU ilə tanışlıq məqsədi ilə universitetin bir neçə institutlarına və fakültələrinə səfərlər təşkil olunub və tədris istiqamətləri, məzunlar, hazırki fəaliyyət haqqında məlumat əldə edilib. BANM əməkdaşlarının AU-da mübadilə proqramı ilə təhsil alan tələbələrlə görüşü olub. Tələbələrin fikirləri dinlənilib və müvafiq məsləhətlər verilib.
Proqram çərçivəsində Alcala şəhərinin daxilində və ətrafında yerləşən tarixi abidələrə və muzeylərə səfərlər təşkil olunub.