Xəbərlər

BANM-nin tələbəsi Almaniyada Mühəndislər üçün alman dili öyrənəcək

Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının III kurs tələbəsi Leyla Pişyari bu il DAAD - Alman Akademik Mübadilə Xidməti - Bakı Məlumat Mərkəzinin keçirdiyi “Almaniya universitetlərində yay dil kursu” müsabiqəsində iştirak edərək, programa seçim üçün tələb olunan iki mərhələdən - dil bilikləri testi və alman dilində inşa müsabiqəsindən uğurla keçib. O, Almaniyanın Axen universitetinin “Mühəndislər üçün alman dili” kursuna qəbul olunub. Leyla Pişyari bu il avqust ayının 4-dən 28-dək Almaniyada mühəndislik sahəsi üzrə alman dili biliklərini artıracaq.

Qeyd edək ki, DAAD - Alman Akademik Mübadilə Xidməti - Bakı Məlumat Mərkəzi iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq çərçivəsində yaradılıb. DAAD hər il müxtəlif təqaüd proqramları üzrə müsabiqələr keçirir. Təqaüd Almaniyada yay dil kursları, magistratura təhsili, elmi tədqiqat imkanları və bu kimi proqramları əhatə edir.

Xatırladaq ki, Bakı Ali Neft Məktəbi Almaniyanın Axen Universiteti ilə sıx əməkdaşlıq edir. Bu ilin əvvəlində Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun Almaniyanın Düsseldorf şəhərinə səfəri çərçivəsində Avropanın tanınmış şirkətlərindən olan E.On şirkətinin dəstəyi ilə və Axen Universiteti ilə birlikdə Bərpaolunan Enerji Mərkəzinin yaradılması haqqında sənəd imzalanıb. Bununla yanaşı, Axen Universiteti ilə Bərpaolunan Enerji Mühəndisliyi və Neft-qaz Geologiyası Mühəndisliyi üzrə birgə kadrların hazırlanması barədə niyyət protokolu da imzalanıb.

Bundan başqa, keçən il DAAD təqaüd proqramı çərçivəsində BANM-də “Qış Neft Məktəbi” keçirilib. Almaniyanın müxtəlif ali təhsil müəssisələrini təmsil edən tələbələrə BANM-in professor-müəllim heyəti tərəfindən mühazirələr keçilib.