Xəbərlər

BANM-də Biləsuvar lisey-məktəb şagirdləri ilə görüş

Bakı Ali Neft Məktəbində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar lisey-məktəb kompleksinin 11-ci sinif şagirdləri ilə görüş keçirilib.

Tədbiri açan Bakı Ali Neft Məktəbinin (BANM) Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı şagirdləri salamlayıb və Ali Məktəbdə görməkdən məmnunluq ifadə edib. H.Sadıqlı təqdimatla çıxış edərək, şagirdlərə BANM-in fəaliyyət istiqamətləri haqqında geniş məlumat verib.

Təqdimatda BANM-in 2014/2015-ci tədris ili üçün tələbə qəbulunun əsas göstəricilərinə görə liderlik mövqeyini saxladığı vurğulanıb. Belə ki, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin orta ballarına görə ən yüksək nəticələrə malik ali məktəblərin sıyahısında Bakı Ali Neft Məktəbinin qəbulda 668.017 orta balla birinci yerdə olduğunu deyib. O, sözügedən tədris ili üzrə 17 Prezident təqaüdçisinin BANM-i seçdiyini və abituriyent ərizələrində ixtisasların birinci yerdə rastgəlmə tezliyinə görə də BANM üzrə göstəricinin yüksək - 81.39% olduğunu deyib. H.Sadıqlı, bu sadalananların BANM-in abituriyentlər üçün ən cəlbedici və nüfuzlu ali təhsil müəssisəsi olmasının sübutu olduğunu vurğulayıb. Həmçinin Bakı Ali Neft Məktəbində mütəxəssis hazırlığının Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında həyata keçirildiyi, biliklərin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, SOCAR-ın müəssisələrindəki və Bakıda fəaliyyət göstərən transmilli şirkətlərdəki istehsalat sahələri ilə sıx əlaqədə aparılması barədə məlumat verib. Təqdimatda statistik göstəricilər, BANM-in ixtisasları üzrə minimal keçid balları, əməkdaşlıq etdiyi xarici şirkətlər və universitetlər, BANM-in yeni kampusu haqqında da bəhs edilib.

Sonra şagirdlərin çoxsaylı sualları cavablandırılıb. Şagirdlər BANM-in laboratoriyaları, yeni kampusun maketi və auditoriyaları ilə yaxından tanış olublar.

Sonda görüşdə iştirak edən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar lisey-məktəb kompleksinin Beynəlxalq əlaqələr və Sosial proqramlar şöbəsinin müdiri Ziya Məmmədzadə şagirdlərə dolğun məlumat verilməsinə və bu səmərəli görüşün təşkilinə görə BANM-in rəhbərliyinə təşəkkürünü bildirib.