Xəbərlər
BANM-ın məzununun nüfuzlu beynəlxalq jurnalda elmi məqaləsi dərc olundu
Bakı Ali Neft Məktəbinin (BANM) ilk məzunlarından olan və birbaşa ABŞ-ın Kolorado Mədənlər Məktəbində PhD pilləsinə qəbul olunan Qurban Orucovun ən nüfuzlu elmi jurnallardan biri olan “Neft-qaz elmləri və mühəndislik” jurnalında (Journal of Petroleum Science and Engineering) elmi məqaləsi dərc olunub. O bu məqaləni Xəzər universitetinin elmi işçisi İzət Şahsənovla birgə işləyib. Məqalə “Civə vurulmasıyla və kapilyar təzyiq ölçmələrindən istifadə etməklə sementləşmə əmsalının və hidravlik keçiriciliyin modelləşdirilməsi” adlanır.
Bu məqalə belə modellere giriş parametri olan və məsamə şəbəkəsinin mürəkkəbliyini əks etdirən “sementləşmə əmsalının” məsamə ölçülərinin paylanması (MÖP) qanunauyğunluğundan istifadə edərək təyin olunmasına həsr olunmuşdur. Təklif edilən model məsamələrin həndəsi formasını nəzərə alaraq və civə vurulması ilə kapilyar təzyiq ölçmələriindən alınmış MÖP və məsaməlik əmsalından istifadə edərək sementləşmə əmsalının proqnozlaşdırılmasına imkan verir. Oxşar yanaşma hidravlik keçiriciliyin qiymətləndirilməsi məqsədilə də tətbiq edilmişdir. Məqalənin müəllifləri alınan nəticələri laboratoriya şəraitində kern nümunələrində aparılan ölçmələrin qiymətləri ilə müqayisə etmişlər.
Qeyd edək ki, Qurban Orucov BANM-ın “Neft-qaz mühəndisliyi” ixtisasında bakalavr təhsili alıb. Hazırda o Kolorado Mədənlər Məktəbinin “Geofizika və seysmologiya” ixtisası üzrə doktorantura təhsili alır.