Xəbərlər

Bakı Ali Neft Məktəbində Conference of the Parties 23.5 adlı tədbir keçirildi

Bakı Ali Neft Məktəbinin(BANM) kampusunda Conference of the Parties (COP) 23.5 adlı iki günlük tədbir keçirilib. COP 23.5 dünyanın böyük probleminə çevrilən iqlim dəyişikliyinin həlli yolunda əvəzsiz fəaliyyət göstərən Konvensiyanın simulyasıyasını təşkil edən bir layihədir. BANM-da təşkil edilmiş bu layihənin əsas məqsədi iqlim dəyişikliyi problemlərinin həlli mövzusunda aparıcı addımlar atmış Konvensiyanın fəaliyətinin vacibliyini mümkün qədər çox Azərbaycan gəncliyinə çatdırmaq və bu problemlərin həllində  rol oynaya biləcək dayanıqlı liderlərin inkişafına dəstək olmaqdır.

BANM və Oikos Baku təşkilatının təşkilatçılığı və dəstəyilə keçirilən tədbirdə Azərbaycanın müxtəlif universitetlərinin tələbələri, həmçinin bu sahəyə maraq göstərən mütəxəssislər və tədbirin təşkilatçıları iştirak ediblər. Tədbirin təşkil olunmasında Ali Məktəbin beşinci kurs tələbələri Sahib Abdullayev və Rauf Mahmudzadə böyük rol oynayıblar. Tədbirdən öncə konfrans iştirakçıları BANM-ın kampusuna tur edərək buradakı tədris mərkəzləri, laboratoriyalar və idman kompleksi ilə tanış olublar.

Konfransın birinci spikeri,  Macarıstanın Azərbaycandakı səfirliyinin Elm və Mədəniyyət üzrə diplomat Mihaly Gruber bu mövzuda Macarıstan Respublikasının yürütdüyü siyasət və iqlim dəyişikliyinə olan münasibəti haqqında məlumat verib. Konfransda çıxış edən digər spiker, BCP Groupun icraçı direktoru, eyni zamanda BANM-ın müəllimi  Elşən Qurbanov İqlim dəyişikliy protokolu və iqtisadi inkişaf mövzu ilə iştirakçıların qarşısında çxış edib.

Konfransın ikinci günü isə EY şirkətinin İqlim dəyişikliyi və dayanıqlı inkişaf üzrə mütəxəssisi Mədinə Məmmədova Dayanıqlı inkişaf məqsədlərinin (DİM) iqlim dəyişikliyində tətbiqi haqda danışıb.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin baş məsləhətçisi Fəqan Əbdürahmanov isə bərpa olunan enerji və onun iqlim dəyişikliyndə rolu haqqında tədbir iştirakçılarına təqdimat edib.

Qeyd edək ki “Oikos” təşkilatı dünyanın 21-dən çox ölkəsində dayanıqlı inkişaf konsepsiyasını irəli sürən beynəlxalq tələbə təşkilatıdır. Birliyin bütün dünya üzrə 5000 tələbə və gənci əhatə edən professional komandası var.