Xəbərlər

BANM tələbələri üçün Halliburton şirkətində yay təcrübəsi

Bakı Ali Neft Məktəbində (BANM) Halliburton şirkətinin nümayəndələri tərəfindən tələbələrin şirkətdə ödənişli yay təcrübəsi keçmələri üçün «Neft-qaz mühəndisliyi» və «Kimya mühəndisliyi» ixtisasının II və III kurs tələbələri arasında seçimin ilkin mərhələsi keçirilib.

Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov Halliburton şirkətinin təmsilçilərini salamlayaraq, Ali Məktəbin tələbələri üçün şirkətdə təcrübə imkanlarının yaradıldığından məmnunluğunu bildirib. O, qeyd edib ki, tələbələr nəzəriyyəni təcrübə ilə birləşdirərək, gələcəyin yüksək ixtisaslı kadrları kimi formalaşmaq üçün belə imkanlardan faydalanmalıdırlar. Ali Məktəb öz məzunlarının gələcəkdə karyera uğurları qazanmaları məqsədilə Azərbaycandakı transmilli şirkətlərlə hər zaman əməkdaşlıq edir. E.Qasımov Halliburton şirkətinin təmsilçilərinə bu əməkdaşlığa görə təşəkkürünü bildirib və tələbələri bu kimi tədbirlərdə fəal iştirak etməyə çağırıb.

Şirkət nümayəndələri Halliburton şirkətində baş tutacaq yay təcrübəsi haqqında təqdimatla çıxış edərək, tələbələrə ətraflı məlumat veriblər. Həmçinin sözügedən şirkətdə yayda tələbələr üçün ödənişli təcrübə imkanları, müraciət üçün ərizələrin doldurulma qaydaları, iş imkanları haqqında geniş məlumat verilib. Seçimin ilkin mərhələsində şirkət nümayəndələri tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıblar.