Xəbərlər
BANM tələbəsi, Prezident təqaüdçüsü Elmir Əbilov (müsahibə)
Prezident təqaüdçüsü Elmir Əbilov:
"Azərbaycanda ən yaxşı təhsil Bakı Ali Neft Məktəbindədir. Məqsədim Azərbaycanın neft-qaz sahəsində önəmli yerlərdən birini tutmaqdır"
Əbilov Elmir Adil oğlu 23 dekabr 1995-ci ildə Sumqayıt şəhərində anadan olub. Orta təhsilini 2003-2014-cü illərdə Sumqayıt şəhəri Texniki və Təbiət Elmləri Liseyində alıb və liseyi əla qiymətlərlə bitirib. Riyaziyyat və fizika fənləri üzrə keçirilən şəhərlərarası olimpiadalarda iştirak edib və I yerə çıxıb. 2014/2015- ci tədris ili üzrə keçirilən TQDK-nın qəbul imtahanında 695 bal toplayaraq, Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” ixtisasına qəbul olub. Prezident təqaüdçüsüdür.
1. Elmir, qəbul imtahanı necə keçmişdi? İmtahandan qabaq və imtahandan sonra hansı təəssüratlarla yadda qalıb?
- İmtahandan qabaq, xüsusilə də, imtahana son bir-iki ay qalmış əsas məqsədimə çatmaq - 700 bal toplamaq üçün əlimdən gələni edirdim və bacardıqca çox oxuyurdum. Valideynlərim, müəllimlərim və ətrafımdakı yaxın insanlar mənim yüksək bal toplayacağıma inanırdılar. Bunun özü mənim üçün həm güclü motivasiya, həm də böyük gərginlik idi. Qəbul imtahanına gəldikdə isə, olduqca gərgin keçmişdi. İmtahandan çıxandan sonrakı dövr isə, məncə, daha gərgin dövrdür. Xüsusilə, nəticələri yoxlayıb, balını səbirsizliklə gözlədiyin vaxt.
2. Sınaq imtahanlarında nəticələrin necə olub? Qəbul imtahanında yüksək bal toplayacağına özün inanırdınmı?
- Sınaq imtahanlarında 650 baldan yüksək bal toplayırdım. Qəbul imtahanında yüksək bal toplayacağıma çox inanırdım. Məhz özümə inam mənim üçün böyük motivasiya oldu. Yaxın ətrafım da hər zaman məndən 700 bal gözlədiklərini deyiblər.
3. İmtahanda 600 baldan yüksək nəticəni göstərmək üçün abituriyent hansı öhdəlikləri üzərinə götürməlidir və ixtisas seçimini necə etməlidir?
- Abituriyent ilk olaraq böyük məsuliyyətlə çalışmalı, bütün tapşırıqları davamlı olaraq yerinə yetirməli, lazım olduqda yatmamağı belə gözə almalıdır. Lakin bu o demək deyil ki, bütün dünyadan təcrid olunmalıdır. Müəyyən aralıqlarla istirahətinə də yer ayırmalıdır. Bir il boyunca səhərdən axşamadək dərs oxumaq, əlavə olaraq imtahan günü haqqında fikirləşmək olduqca böyük stressdir. İxtisas seçimlərini isə məsləhət görərdim ki, öz istəkləri ilə etsinlər. Bununla belə, valideynləri və digər böyüklərlə də məsləhətləşmələri olduqca vacibdir.
4. Niyə məhz bu ixtisası və BANM-i seçdin və bu seçimi etdikdə hansı məqsədləri qarşına qoydun?
- Ağlımda olan ilk yerlərdən biri BANM idi. BANM-ə daxil olmağımı xüsusilə valideynlərim çox istəyirdilər. İki ixtisas arasında seçim etməli idim, sonda "Neft-qaz mühəndisliyi" ixtisasını seçməyə qərar verdim. Bu seçimi etməyimdə isə, internetdən oxuduğum məlumatlar və insanlar arasında apardığım araşdırma böyük rol oynadı. Sonda qərarı özüm verdim və bu ixtisası seçdim.
5. Mühəndislik sahəsinə marağın hardan yaranıb və gələcək üçün məqsədin nədir?
- Riyaziyyat və fizika fənlərinə olan böyük marağım məndə mühəndis olmaq istəyi yaratdı. Məqsədim isə, gələcəkdə öz ixtisasım üzrə peşəkar mühəndis olmaq və Azərbaycanın neft-qaz sahəsində önəmli yerlərdən birini tutmaqdır.
6. BANM-də ali təhsil almaq üçün bura qəbul olmaq arzusunda olan abituriyentlərə nə məsləhət görərdin? Burdakı təhsili necə dəyərləndirirsən?
- BANM-a qəbul olmaq istəyən abituriyentlərə məsləhət görərdim ki, indidən yüksək bal toplamağı qarşılarına məqsəd qoysunlar. Burada oxumaq tək texniki biliklərlə kifayətlənmək demək deyil. Bu biliklərlə yanaşı, həmçinin fəal və geniş dünya görüşünə sahib olmalısan. Buradakı təhsil səviyyəsini çox yüksək qiymətləndirirəm, çünki buradan məzun olduqda həm ingilis dilli yüksək ixtisaslı, həm də dünyagörüşlü bir gənc kadr olacam. Azərbaycanda ala biləcəyim ən yaxşı təhsili burada aldığıma əminəm. Çünki ölkəmizdə ən yaxşı təhsil Bakı Ali Neft Məktəbindədir.
7. Boş vaxtlarında nə ilə məşğul olursan? Hansı əlavə məşğuliyyətlərin və hobbin var?
- Boş vaxtlarımda yerli və xarici ədəbiyyata aid kitablar oxuyuram. Dünyagörüşü tələb edən intellektual oyunlarda tək və komanda şəklində iştirak etməyi çox sevirəm.
8. Humanitar fənlərlə və ədəbiyyatla aran necədi?
- Humanitar fənlərə və xüsusilə ədəbiyyata marağım var. Ən sevdiyim kitablar isə, Patrix Zuskindin "Ətriyyatçı", Sabahattin Alinin "Xəz paltolu Madonna", Elif Şafakın "Aşk", Robin Şarmanın ""Ferrari"sini satmış rahib"dir.