Bakalavriat
Ümumi məlumat
Kimya mühəndisləri xammal və ara kimyəvi maddələri enerji cəhətdən sərfəli, ekoloji cəhətdən təmiz və qənaətli yollarla daha faydalı məhsula çevirmək üçün proseslər dizayn edirlər. Əlavə dəyərli məhsulların əldə edilməsi prosesi üzərində işləyərkən kimya mühəndisləri eyni zamanda qlobal mənbələrin idarə olunmasına, ətraf mühitin qorunmasına və sağlamlıq və təhlükəsizlik standartlarına cavab verməsinə kömək edirlər. Bakı Ali Neft Məktəbinin “Kimya Mühəndisliyi” kafedrası 2013-cü ildə yaradılıb.
Kafedra kimya mühəndisliyi üzrə bakalavr, magistratura və doktorantura səviyyəsində təhsil təklif edir. Bakalavr və magistratura proqramları Heriot-Watt Universitetinin (Şotlandiya, İngiltərə) eyniadlı tədris proqramına əsaslanaraq hazırlanmışdır. Bakalavr səviyyəsi üzrə təhsil alan tələbələr ilk ildə İngilis dili və İKT təhsillərini müvəffəqiyyətlə başa vurduqdan sonra dörd illik “Kimya Mühəndisliyi” proqramına cəlb olunurlar. Hər il təqribən 250 tələbə “Kimya Mühəndisliyi” ixtisasının bakalavr və magistratura pillələrində təhsil alırlar.
Təhsil müddətində tələbələr “Kimya Mühəndisliyi” kafedrasının laboratoriyalarında təcrübələr apararaq nəzəri biliklərini tətbiq edirlər.
Qazanılan nəticə
- Mühəndislik problemlərini müəyyənləşdirmək, formalaşdırmaq və həll etmək bacarığı;
- Peşəkar və etik məsuliyyət anlayışı;
- Səmərəli ünsiyyət qurma bacarığı;
- Mühəndislik həllərinin qlobal, iqtisadi, ətraf mühit və cəmiyyət baxımından təsirini anlamaq üçün lazım olan geniş təhsil.
Laboratoriyalar
“Kimya Mühəndisliyi” kafedrasının laboratoriyaları tələbələrin Emal Sənayeləri, Separasiya Prosesləri və Kimyəvi Reaksiya Mühəndisliyi kimi əsas mövzularda praktiki təcrübə əldə edə biləcəkləri ən müasir eksperimental bölmələri və cihazları əhatə edir. Sözügedən laboratoriyalarla yanaşı, Bakı Ali Neft Məktəbinin “Kimya Mühəndisliyi” kafedrasında bakalavr tələbələri və professor-müəllim heyətinə innovativ tədqiqatlar aparmaq imkanı verən Elmi-Tədqiqat Laboratoriyaları fəaliyyət göstərir. “Kimya Mühəndisliyi” laboratoriyaları təkcə öz tələbələrinə deyil, həm də “Neft-qaz Mühəndisliyi” kimi digər ixtisaslardan olan tələbələrə də xidmət göstərir. Şöbənin elmi-tədqiqat laboratoriyaları tələbələr, tədqiqatçılar və professor-müəllim heyəti arasında biliklərin ötürülməsini və əməkdaşlığı asanlaşdıran bir çərçivə yaradır.
Bakalavrın ikinci ilində tələbələr, hər semestrdə 3 laboratoriya təcrübəsi ilə Emal Sənayeləri A və B üzrə 6 laboratoriya məşğələsi keçirlər. Kimya mühəndisliyi kursunun dördüncü ilində, tələbələr Kimyəvi Reaksiya Mühəndisliyi və Separasiya Prosesləri A/B kursları çərçivəsində hər biri üçün iki seans ayrılmış 6 laboratoriya sessiyasına qatılırlar. Kimyəvi Reaksiya Mühəndisliyi və Separasiya Prosesləri laboratoriyaları GUNT şirkəti (Hamburg, Almaniya) tərəfindən istehsal olunan ən müasir təcrübi qurğularla təmin edilir.
Təcrübə və iş imkanları
Universitetin proqramının siyasətinə əsasən, tələbələr tədris planı çərçivəsində yay təcrübəsi zamanı neft və qaz sənayesində fəaliyyət göstərən müxtəlif zavodlara və şirkətlərə göndərilir. Bu zavodlarda tələbələr kimyəvi proseslər, müəssisələrin istismarı, texnoloji qaydalar, idarəetmə sistemləri, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin qorunması qaydaları haqqında məlumat əldə edirlər.
İlk öncə, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzində keçirilən təlimlərdə iştirak edən birinci kurs tələbələri ikinci kursdan etibarən universitetin yaxın əməkdaşlıq etdiyi müxtəlif istehsalat zavodlarında təcrübə keçmək üçün yay məktəblərinə göndərilirlər.
Azərikimya İB, SOCAR Metanol Zavodu, SOCAR Karbamid Zavodu, Heydər Əliyev adına Neft Emalı Zavodu, SOCAR Polimer, SOCAR-ın "Neft və Qaz Tədqiqat Layihəsi" İnstitutu kimi müxtəlif müəssisələrdə “Kimya Mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr üçün yay təcrübələri və sahə gəzintiləri təşkil olunur. “Kimya Mühəndisliyi” şöbəsinin əməkdaşları da bu prosesdə tələbələrlə birlikdə iştirak edirlər.