BANM haqqında
BANM-in tarixi
Bakı Ali Neft Məktəbi dövlət ali təhsil müəssisəsi statusunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunda dəyişiklik edilməsi haqqında” 29 noyabr 2011-ci il tarixli 539 nömrəli Fərmanı ilə yaradılıb.
Bakı Ali Neft Məktəbi Azərbaycanda və xarici ölkələrdə fəaliyyətini genişləndirən SOCAR-ın və ölkənin digər sənaye sahələrinin müasir tədris proqramları və təlim texnologiyaları əsasında ingilis dilində təhsil almış yüksəkixtisaslı mühəndis kadrlarına olan ehtiyaclarını ödəmək məqsədilə təsis edilib.
BANM ötən müddət ərzində həm də ən müasir tələblərə cavab verən infrastruktur yarada, idarəetmə və pedaqoji heyəti formalaşdıra bilib, professor-müəllim heyətinin tədrisdə, tələbələrin isə təhsildə motivasiyalarını yüksəltmək üçün silsilə həvəsləndirici və səfərbəredici tədbirlər həyata keçirib.
Yerli və xarici şirkətlərlə əməkdaşlıq, peşəkar mütəxəssislər tərəfindən vaxtaşırı təlim və mühazirələrin təşkili, tələbələrinin təhsillə yanaşı, həm də müxtəlif ictimai layihələrdə yüksək nəticələr göstərməsi, qısa müddət ərzində ictimaiyyət arasında qazanılan etibar və bu kimi digər nailiyyətlər Azərbaycanın ən yüksək intellektli gəncliyini BANM-də təhsil almağa cəlb edir.
Yarandığı ildən etibarən BANM ən yüksək nüfuzlu ali təhsil müəssisəsinə çevrilə bilib və Azərbaycanda peşəkar mühəndis kadrların hazırlanmasında liderdir. Ali Məktəbdə tədris prosesi istehsalatla sıx əlaqədə həyata keçirilir, tədris proqramlarının, nəzəri predmetlərin daha dərindən mənimsənilməsi məqsədilə tələbələr SOCAR-ın müvafiq profilli istehsalat müəssisələrində, eləcə də bp, Statoil, Total, Schlumberger, ABB, Halliburton, Atenau Ltd, Schneider Electric, Microsoft, Baker Hughes, Confidence Capital, Emerson Process Management, Avandsis Group, Maire Tecnimont, Nəzarət Ölçü Cihazları və Avtomatika MMC, Tükiyədə fəaliyyət göstərən Petkim və STAR kimi qurumlarda yay və istehsalat təcrübəsi keçir, hesabatlar hazırlayır və müdafiə edirlər. Bu amil tələbələrin sənayenin qabaqcıl mütəxəssisləri ilə effektiv münasibət qurmasına, beynəlxalq standartlara uyğun kadrlar kimi yetişməsinə, iş təminatına və uğurlu karyeranın əsasını qoymağa böyük imkanlar yaradır.
Missiyamız
Ən müasir texnologiyalar və peşəkar pedaqoji işçilərlə təmin edilmiş təhsil mühiti yaradaraq müxtəlif sənaye və biznes sahələri üçün peşəkar bilik və bacarıqlara malik yüksəkixtisaslı kadrları hazırlamaq.
Perspektivlərimiz
Elm, mühəndislik və biznes sahəsində ixtisaslaşmış beynəlxalq səviyyədə tanınan ali təhsil müəssisələrindən birinə çevrilərək istər yerli, istərsə də əcnəbi tələbələrə dünyanın aparıcı universitetləri ilə birgə əməkdaşlıq çərçivəsində təhsil verə bilməkdir.