Xəbərlər
BANM-ın əməkdaşları Koreya Respublikasına səfər ediblər
Bakı Ali Neft Məktəbinin (BANM) “Mühəndislik” fakültəsinin dekanı Zəfər Qurbanov və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” kafedrasının müdiri Manafəddin Namazov HMC Co.Ltd. şirkətinin və Kyungsung Universitetinin dəvəti ilə Koreya Respublikasına səfər ediblər. BANM-ın məsul əməkdaşları Seul və Busan şəhərində “Texniki və İşgüzar mübadilə” adlı seminarda iştirak ediblər.
Səfər zamanı HMC Company Profile şirkətinin baş ofisində şirkət rəhbərliyi və Kyungsung Universitetinin professoru Park Jang Sik ilə görüş təşkil olunub. Görüşdə şirkətin Koreyada gördüyü işlərin təqdimatı keçirilib, gələcəkdə Koreya Respublikasının qrantı və BANM ilə birgə "Qazın ilkin təsbitetmə sistemi və ona daxil olmanın idarəetmə sistemi" və digər elmi-tədqiqat işlərinin aparılması müzakirə olunub. Sözügedən layihənin Cənubi Koreyanın HMC Co.Ltd. Şirkəti ilə Kyungsung Universitetinin professorunun rəhbərliyi altında yerinə yetirilməsi nəzərdə tutulub və layihə əsasında BANM-da elmi tədqiqat mərkəzinin yaradılması kimi məsələlər müzakirə olunub. Daha sonra Ali Məktəbin dekanı və kafedra müdiri BANM haqqında geniş təqdimatla çıxış edib və onlara verilən sualları cavablandırıblar.
Səfər müddətində “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə müasir elmi-tədqiqat laboratoriyasının BANM-a gətirilməsinin detalları müzakirə olunub. Bununla yanaşı, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” kafedrasının əməkdaşlarının və həmin ixtisas üzrə təhsil alan tələbələrin gələcəkdə Koreya şirkətləri ilə əməkdaşlıq etmələri ilə əlaqədar danışıqlar aparılıb.
Mənafəddin Namazov və Zəfər Qurbanov eyni zamanda, Kyungsung Universitetində rəhbərliklə görüşüblər, BANM haqqında məlumat məlumat verərək gələcəkdə universitetlə BANM arasında sıx əməkdaşlıq çərçivəsində tələbə mübadiləsinin aparılması məsələsini müzakirə ediblər.