Xəbərlər

Bakı Ali Neft Məktəbində Yeni tədris metodları adlı təlim keçirilib

      Azərbaycanda beynəlxalq standartlara uyğun, müasir tədris planları və texnologiyaları əsasında qurulan təhsil prosesini təşkil edən Bakı Ali Neft Məktəbində (BANM) Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə tədris proqramını həyata keçirən professor-müəllim heyəti üçün təlim keçirilib. “Yeni tədris metodları” adlanan təlim proqramı 3 gün davam edib.  

 

       Təlimin açılış günü Ali Məktəbin rektoru Elmar Qasımov təlim iştirakçılarını salamlayaraq, BANM üçün nəinki onun tələbələrinin, onun profesional professor-müəllim heyətinin də daim inkişaf etməsinin əhəmiyyətini vurğulayıb. Rektor qeyd edib ki, BANM bu gün tədris proqramını dünya standartlarına uyğun qurub və bu təlim Ali Məktəbin fəaliyyətinin bundan sonra da standartlara cavab verməsi və daha da  inkişaf etdirilməsi üçün nəzərdə tutulmuş tədbirlər planının bir hissəsidir.

 

       Təlimin əsas məqsədi BANM-ın ixtisaslı mühəndis kadrlarının hazırlanmasında tətbiq olunan tədris proqramlarının tələbələrə daha müasir və effektiv üsullarla çatdırılması, bu istiqamətdə müəllimlərin qarşısına çıxan problemlərin aşkar edilməsi və həlli yollarının müzakirə edilməsi olub.

 

        Təlim Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” şirkətinin ən profesional təlimçilərindən olan, biznes inzibatçılığı üzrə magistr, risklərin idarə edilməsi üzrə  mütəxəssis və eyni zamanda Layihə İdarəetmə Məktəbinin təlimçisi Didye Estibaldır.

 

                   Səkkiz moduldan ibarət olan təlim BANM-ın professor-müəllim kollektivinə yeni tədris konsepsiyaları, bu konsepsiyalara müəllimlərin və tələbələrin baxışı, yeni tədris texnikalarından düzgün istifadənin yolları, ənənəvi və yeni tədris metodlarının müqayisəli təhlili, tədris üzrə yeni fəaliyyət planının hazırlanması kimi mövzulardan ibarət olub.