Xəbərlər

BANM-ın baş müəllimi Moskvada SPE-nin seminarında

Bakı Ali Neft Məktəbinin (BANM)  “Neft-qaz mühəndisliyi” kafedrasının baş müəllimi Farad Kamyabi Neft-qaz Mühəndisləri Cəmiyyətinin (SPE) təşkilatçılığı ilə Moskva şəhərində seminarda olub. “Yetkin yataqların işlənməsi. Nəzərdə tutulmuş son neftvermə əmsalının əldə edilməsi” adlı seminarda iştirak edən baş müəllim, eyni zamanda tədbirdə məruzə ilə çıxış edib. Tədbirə SPE-nin üzv olduğu ölkələrin neft şirkətlərinin ekspertləri və tanınmış təhsil ocaqlarının nümayəndələri qatılıb.  Seminarın əsas məqsədi neft ehtiyatlarının inkişafı və texnologiyaların tətbiqi, həmçinin görülmüş işlərin analizi məsələlərinin müzakirəsi olub.

Ali Məktəbin baş müəllimi Farad Kamyabi seminarda “Daha effektiv suvurma metodu ilə neft hasilatının artırılması üçün nanotexnologiyanın tətbiqi” adlı məqaləsini məruzə edib.

2 gün davam edən seminarda “Tükənmiş yatağlara suvurma: məqsədəuyğunluq, texnoloji və iqtisadi səmərəlilik” , “Yetkin sahələr üçün layın idarəçiliyi: inteqrasiya olunmuş yanaşma”, “Yerdə qalan neftin lokallaşdırılması”, “Qalan neftin növünə uyğun texnologiya seçimi. Təkmilləşdirilmiş neft hasilatı tükənmiş neft yataqları üçün universal bir vasitədirmi?” adlı mövzularda məruzə və müzakirələr olub.