Xəbərlər
BANM-də AIESEC-in info-sessiyası baş tutub
Bakı Ali Neft Məktəbində (BANM) AIESEC təşkilatı və BANM-in 2-ci kurs tələbələri Nəriman Tağızadə və Pərviz Əzizovun təşkilatçılığı ilə info-sessiya keçirilib. Tədbir zamanı Ali Məktəbin tələbələri dünyanın ən böyük gənclər təşkilatlarından olan AİESEC-lə tanış olub və oradakı mümkün təcrübə proqramları haqqında məlumatlar əldə ediblər. Tədbirdə BANM Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) tərkibində fəaliyyət göstərən “Programming Club”un sədri Nəriman Tağızadə, AİESEC-in “Khazar”adlı yerli komitəsinin lideri Pərviz Əzizov və AIESEC yerli nümayəndəliyinin Marketinq şöbəsinin sədri Qulu Məmmədli çıxış edib və tələbələrə təşkilatın yararlana biləcəkləri sahələrindən danışıblar.
Qeyd edək ki, AIESEC təşkilatı dünyanın 120 ölkəsində 1300-dən çox universitetin 24 min tələbə əhatə edən, BMT-də məsləhətçi statusu olan ən böyük tələbə təşkilatıdır. AIESEC gənclərin şəxsi və professional inkişafına istiqamətlənmiş bütün təşəbbüslərini müxtəlif təhsil və təlim layihələri, müxtəlif ölkələrdə təşkil olunan konfranslar və beynəlxalq tələbə mübadiləsi proqramlarından istifadə edərək dəstəkləyir və gələcək inkişafına çalışır.