Xəbərlər
Bakı Ali Neft Məktəbinin əməkdaşları Yunanıstanda beynəlxalq tədbirdə
Bakı Ali Neft Məktəbinin (BANM) əməkdaşları Avropa Birliyinin Erasmus+ proqramı çərçivəsində Yunanıstanın Afina şəhərində təşkil olunmuş beynəlxalq tədbirdə iştirak ediblər. Erasmus+ proqramının 30 illiyinin qeyd olunması ilə bağlı keçirilən tədbirə və Beynəlxalq həftəyə BANM-in Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov, Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müdiri Manafəddin Namazov və baş müəllimi Abbas Əlili qatılıblar.
Beynəlxalq tədbirdə 15 ölkədən 23 ali məktəb iştirak edib. Tədbirin açılış günü BANM-in nümayəndələri tərəfindən tədbir iştirakçılarına Ali Məktəbin fəaliyyətini özündə əks etdirən təqdimat edilib. Tədbir zamanı Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetinin professoru, Erasmus+ proqramının koordinatoru cənab Panayotis Jannakopoulos çıxış edərək BANM-lə qurulmuş geniş əməkdaşlıqdan danışıb, hazırda BANM-in 5 tələbəsinin Prey Tətbiqi Elmlər Universitetində təhsillərini davam etdirdiklərini qeyd edib və eyni zamanda bir qrup müəllim heyətinin də ixtisasartırma proqramında iştirak edəcəyini vurğulayıb.
Tədbir zamanı qruplar üzrə işlər aparılıb, BANM-nin heyəti mühəndislik üzrə müzakirə panelinə qoşularaq gələcəkdə də Erasmus+ proqramı çərçivəsində digər layihələrə qoşulma prespektivləri, elmi araşdırma, tədqiqat və tədris fəaliyyəti istiqamətində ümumi görüləcək işləri müzakirə ediblər.
BANM-nin nümayəndə heyəti Erasmus+ proqramının “Capacity Building” bəndinə əsaslanaraq Pirey Tətbiqi Elmlər Universitetinin yüksək gərginliklər və enerji sistemləri laboratoriyasının professoru Konstantinos Psomopoulosla da görüş keçiriblər. Görüş zamanı informasiya-kommunikasiya və proseslərin avtomatlaşdırılması ixtisası üzrə işlərin və tədrisin təşkili istiqamətində beynəlxalq layihələrin birgə işlənməsi və yaxın gələcəkdə danışıqların davam olunması qərarı qəbul olunub.