Xəbərlər
Bakı Ali Neft Məktəbində Müstəqillik Günü qeyd olunub
Bakı Ali Neft Məktəbində (BANM) 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə BANM-in rəhbərliyi və professor-müəllim heyəti iştirak edib.
BANM-in rektoru Elmar Qasımov tədbiri öz çıxışı ilə açaraq, Azərbaycan tarixinin ən önəmli günlərindən biri olan 18 oktyabr Dövlət Müstəqilliyi Gününün yaranma tarixindən, xalqımızın müstəqillik uğrunda gərgin mübarizəsindən danışıb. Cənab rektor 1918-ci ildə əldə olunmuş qısamüddətli müstəqillikdən sonra, 70 il ərzində xalqımızın tükənməyən müstəqillik arzusu ilə çırpınaraq yenidən 1991-ci il 18 oktyabr tarixində “Azərbaycan dövlət müstəqilliyi haqqında Konstitusiya Akti”nın qəbul olması ilə yenidən müstəqilliyə nail olduğunu bildirib. Tədbirdə müstəqilliyimizə qədəm qoyduğumuzdan bu günə qədər ölkəmizin siyasi və beynəlxalq arenada əldə etdikləri uğurlardan danışan Elmar Qasımov, bu nailiyyətlərin Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin seçdiyi strateji inkişaf yolunun və uzaqgörən siyasətinin nəticəsi olduğunu qeyd edib.
Tədbirdə BANM-in ingilis dili və humanitar fənnlər mərkəzinin dosenti, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev çıxış edərək tədbir iştirakçılarını Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin tarixi məqamları və keçdiyi inkişaf yolu haqda geniş məlumatlandırıb. Müstəqillik günündə keçirilən görüşdə BANM-in tələbələri də fəal iştirak edərək bu mövzuda hazırladıqları maraqlı prezentasiyaların təqdimatını ediblər.
Rektor Elmar Qasımov müstəqilliyimizin 26-ci il dönümü münasibətilə bütün tədbir iştirakçılarını və Azərbaycan xalqını ürəkdən təbrik edib, müstəqilliyimizin daimi və möhkəm olmasını arzulayıb.