Xəbərlər

Bakı Ali Neft Məktəbinin məzunu Almaniya universitetinin magistrı oldu

          Dünyanın qabaqcıl universitetlərinin magistraturasına qəbul olunmuş Bakı Ali Neft Məktəbinin (BANM) məzunlarından biri “Kimya mühəndisliyi” ixtisasını bitirmiş Emil Paşayevdir. Emil Almaniyanın ən nüfuzlu ali məktəblərindən biri olan Hamburg-Harburg Texnik Universitetinin magistr səviyyəsinə təqaüdlə qəbul olunub.

 

          - Özünüz haqqında danışın.

          - Mən 1994-cü ildə Yevlax rayonunda anadan olmuşam. 2001-ci ildə Suraxanı rayonu 146 saylı məktəbdə ibtidai təhsilimə başlamışam. Məktəbdə oxuduğum müddətdə texniki fənlər üzrə olimpiadalarda iştirak edərək fizika olimpiadasında rayon üzrə birinci seçilmişəm. Bununla yanaşı, 2011-ci ildə dünya azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Bakı şəhəri üzrə məktəblilər arasında keçirilmiş “Bilik Yarışı”nda birinci ixtisas qrupu üzrə 1-ci yer tutduğuma görə Fəxri Fərmanla təltif olunmuşam. 2012-ci ildə orta məktəbi bitirərkən 627 bal toplayaraq Bakı Ali Neft Məktəbinin “Kimya Mühəndisliyi” ixtisasına daxil olmuşam. 2014-cü ildə Gürcüstanın Kutaisi şəhərində AİESEC şirkətinin təşkil etdiyi turist agentliyində iki aylıq yay təcrübə proqramına qoşulmuşam. 2015-ci ildə SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində mühəndis-texnoloq kimi 2 aylıq təcrübə keçmişəm. Bakı Avropa Oyunlarında İBC-nin “Graphics Specialists” sahəsində könüllü kimi fəaliyyət göstərmişəm.

 

          - Bakı Ali Neft Məktəbinə daxil olduqdan sonra qarşınıza qoyduğunuz məqsədləri həyata keçirə bilmisiniz mi?

          - Bəli. Bakı Ali Neft Məktəbinə qəbul olanda təcrübəli və bacarıqlı mühəndis olmaqla bərabər yaxşı araşdırma qabiliyyətinə sahib olan tədqiqatçı olmaq istəyirdim. Universitetin bizim üçün yüksək təhsili ilə bərabər təklif etdiyi təcrübə proqramları, başqa sözlə praktikalar, mənim ilkin məqsədimə nail olmağımda böyük rol oynadı. Universitetdə olan tələbə-müəllim isti münasibəti, müəllimlərin tələbələrin hər suallarına cavab vermək istəyi, müəllimlərin tələbələrə istiqamət verməyi və nəhayət müəllimlərin sahib olduğu bilik və təcrübələr bizim yalnız mühəndis kimi yox, həmçinin yaxşı tədqiqatçı kimi inkişafımıza kömək etdi.

 

          - Almaniyanın ən nüfuzlu universitetlərindən birinin magistrantı olmaq üçün nə etmək lazımdır?

          - Hər şeydən öncə məqsədini bilmək lazımdır. Qoyulan hər bir məqsəd istəkdən qaynaqlanır və bu da insanda həvəs oyadır. Bu həvəs insanı çalışqanlığa aparır ki bu da məqsədə nail olmaq üçün əsas şərtdir. Məqsədimizi müəyyən etmək üçün bəzilərimiz əziyyət çəkirik bu yolda bizə müəllimlərlə məsləhətləşmək çox kömək edə bilər. Məsələn, magistratura təhsilimi almaq üçün seçdiyim ixtisas barəsində müəllimlərimdən aldığım məsləhətlər çox kömək etdi. Çünki müəllimlərim artıq o ixtisasların nədən bəhs edəcəyini biləcək qədər təcrübəlidirlər.

 

          - Niyə məhz bu universitetdə qərarlaşdınız? Bu universitet haqqında hansı məlumatınız var və bu universitetdə alacağınız təhsildən gözləntiləriniz nələrdir?

          - Magistratura təhsili üçün Hamburg-Harburg Texniki Universitetinin (Almaniya) Kimya və Bioproses Mühəndisliyi fakültəsini seçdim. Öncədən daha doğrusu bakalavr təhsilim müddətində magistr təhsilimi Almaniyada etməyi qərara almışdım. İxtisasımın bəzi qollarını dərindən bilmək bir Kimya mühəndisi üçün çox vacibdir çünki bunları mühəndislər daima istifadə edirlər. Kimya və Bioproses mühəndisliyi bu qolların çoxunu əhatə edir.

 

          - BANM-də aldığınız təhsil sizin Almaniya Universitetinə qəbul olunmağınızda hansı rol oynayıb?

          - Çox böyük rol oynayıb. Belə ki, motivasiya məktubunda BANM-in mənə nə verdiyini və necə şərait yaratdığını qeyd etmişəm. Almanya səfiri ilə təşkil edilən görüşlər, Almaniyadan Universitetimizə gələn tələbələrlə münasibət, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) universitetimizə dəvət edilməsi və bu kimi tədbirlər motivasiya məktubumda etdiyim digər qeydləri Hamburg-Harburg Texnik Universiteti yüksək qiymətləndirərək məni magistratura təhsilim üçün qəbul edib deyə düşünürəm.