Xəbərlər

Bakı Ali Neft Məktəbinin tələbələri ClimateLaunchpad Azerbaijan» yarışında

           Bakı Ali Neft Məktəbinin (BANM) əməkdaşı və tələbələri Azərbaycanın bu il ilk dəfə qoşulduğu və 37 ölkənin iştirak etdiyi dünyanın ən böyük "green" biznes ideya müsabiqəsi olan ClimateLaunchpad proqramına qəbul olublar. BANM-in “Kimya mühəndisliyi” kafedrasının əməkdaşı Rima Quliyeva və «Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Tünzalə İmanova sözügedən proqramda “Ecofuel” adlı layihəni təqdim ediblər. BANM-in «Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan 5-ci kurs tələbələri Rafael Səmədov və Natəvan Əsgərli isə “BioPlastics” adlı layihələri ilə çıxış ediblər. Hər iki layihə, ClimateLaunchpad proqramına fevral ayından davam edən müraciətlərdən sonra proqrama Azərbaycandan seçilmiş 14 layihə arasına girməyə nail olaraq növbəti mərhələyə buraxılıb. Proqramın ilk mərhələsi kimi, 6-7 May 2017-ci il tarixindən başlayaraq "Social Innovation Lab" - in rəsmi təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının (qızıl sponsor), Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin (bürünc sponsor) dəstəyi ilə proqrama seçilən 14 startap komandası,  öz layihələrinin inkişafı və Avqust ayında keçiriləcək ölkə finalına hazırlığı üçün 2 gün davam edən intensiv təlim proqramında iştirak  etmişdir.

 

         Proqram  "ClimateLaunchpad" mərkəzi komandasının üzvü, Hollandiyadan ölkəmizə proqram təşkilatçıları tərəfindən göndərilmiş startap və innovativ texnologiyalar sahəsi üzrə ekspert Hans Westerhof və lokal təlimçilər tərəfindən  keçirilmişdir. Avqust ayında olacaq ölkə finalına qədər "National Coaching" sessiyaları adlandırılan praktiki təlimlər 14 həftə davam edəcəkdir.

 

          Bir daha qeyd edək ki, Azərbaycan “ClimateLaunchpad” beynəlxalq yarışına ilk dəfə olaraq qoşulub. Bu proqramın geniş öyrədici təhsil strukturu ideya müəlliflərinə və startaplara çox qısa vaxt ərzində böyük uğur qazanmaq imkanı verir. “ClimateLaunchpad” 2017 beynəlxalq final mərhələsi 17-18 oktyabr 2017-ci il tarixində Limasol şəhərində (Kipr) 37 ölkənin iştirakı ilə keçiriləcək. Bu mərhələdə Azərbaycanı hazırki 14 startap içərisindən seçiləcək 3 startap layihəsi təmsil edəcək və beynəlxalq finalda 1-ci yer 10000€, 2-ci yer 5000€ və 3-cü yer 2500€ pul mükafatı ilə təltif olunacaqlar.

 

          ClimateLaunchpad proqramının təşkil olunmasında Social Innovation Lab - in əsas tərəfdaşları Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı (qızıl sponsor), Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi (bürünc sponsor) ilə yanaşı, digər tərəfdaşları Next Step İnnovasiya Mərkəzi, SUP Akselerator, Global Startup Hub, Bakı Mühəndislik Universiteti Texnoparkı və Youth Inc. Biznes İnkubasiya Mərkəzidir.