Xəbərlər

BANM-in müəllimi danışır: Məzunlarımız öz işləri və bilikləri ilə BANM-in adını tanıdacaqlar

          Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin “Mən BANM-in müəllimiyəm” adlı layihəsi davam edir. Beləliklə, suallarımızı BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” kafedrasının dosenti Nailə Allahverdiyeva cavablandırır.                                                                                       

 

          - Ənənəvi olaraq ilk sualımız: Siz niyə məhz müəllim peşəsini seçmisiniz?

          - Müəllimlərin əsas işi – təhsil və tərbiyə verməkdir, xoşuma gələn odur ki, mən gələcək nəsilin bilikli və əla olmasına çalışıram. Mən ölkəmizin intellektual potensialını formalaşdırmaq üçün əlindən gələni edirəm.

 

          - Bir az özünüz haqqında danışın.

          - Mən alim və pedaqoq ailəsində böyümüşəm. Mənim atam Azərbaycanın əməkdar mühəndisidir və 55 ildir ki ölkənin ali təhsil ocaqlarından birində müəllim kimi çalışır. Mənim anam bütün ömrünü elmə həsr edib. Ona görə də mənim seçimim elm və tədris oldu. Artıq 27 ildən çoxdur ki mən müəllimlik fəaliyyəti ilə məşğulam. Hesab edirəm ki, ixtisas seçimimdə yanılmamışam.

 

          - Hər bir tələbənin öz sevimli müəllimi olur. Tələbəlik dövrünüzdəki sevimli müəlliminiz haqqında danışın.

          - Tələbəlik illərimin sevimli müəllimi informasiya müəllimi Xanlar Həmzəyev idi. O vaxtlar - 80-ci illərdə, məktəblərdə informatika tədris olunmadığına görə bu fənni universitetdə sıfırdan başlayaraq keçirirdilər. Bizim qrupun tələbələrində infotmatika və proqramlaşdırmaya marağı və sevgisi məhz Xanlar müəllimin sayəsində yaranmışdır. Bu sahadəki uğur və nailiyyətimə görə Xanlar müəllimin tədris metodikasına borcluyam.

 

          - Tələbələrinizdən danışın. Onların gələcəklərini necə görürsüz?

          - Mənim tələbələrim ağıllı və tərbiyəlidirlər. Onlardan çox razıyam. Ümumi qrupdan kimlərisə ayırmaq istəməzdim amma hər bir müəllimin “sevimlisi” olur hansı ki məntiqli düşünməsi və zəhmətkeşliyi ilə başqalarından seçilir. Əlbətdə ki, belə tələbələrlə işləmək asan olur. Mən çalışıram ki nəinki təkçə uğurlu tələbələrlə hər kəslə işləyirəm. Müəllimin vəzifəsidir ki zəif tələbələri də əlaçılara çatdırmağa çalışsın. Bu da tədrisin mahiyətini əks etdirir.   

 

          - Bakı Ali Neft Məktəbini 10 il sonra necə təsəvvür edirsiniz?

          - Hesab edirəm ki bizim barəmizdə nəinki Azərbaycanda xaricdə də danışacaqlar. Məzunlarımız öz işləri və bilikləri ilə BANM-in adını tanıdacaqlar. İnanıram ki, 10 il sonra  BANM-də yeni ixtisas və fakultələr açılacaq və məsafəli təhsil vasitəsi ilə Avropa və Amerika abituriyentləri də burada təhsil ala biləcəklər. 

 

          - Boş vaxtlarınızda nə ilə məşğul olursuz?

          - Düzünü desəm, sərbəst vaxtım az olur. İmkan düşəndə ailəmlə vaxt keçirirəm və təbiyyətdə gəzməyi sevirəm. Fortepianoda ifa etməyi xoşlayıram.

 

          - Bakı Ali Neft Məktəbinin ilk məzunlarına nə arzu edərdiniz?

          - Məzunlarımıza çalışdıqları yerlərdə Ali Məktəbimizi layiqincə təmsil etməyi və müəllimlərini yadda saxlamalarını arzu edirəm. Ən vacibi isə dürüst məsuliyyətli işçilər və vətəni üçün həqiqi vətənpərvər olmaqdır.