Xəbərlər
BANM və Pearson Education arasında tərəfdaşlıq artmaqdadır
Bakı Ali Neft Məktəbində (BANM) “Pearson Education” qlobal təhsil şirkətinin regional direktoru Cənab Mark Couchmanla görüş keçirilib. Görüşdə Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektor Professor Ramiz Hümbətov, Ömürboyu təhsil fakültəsinin dekanı Professor Rəna Mustafayeva, Beynəlxalq əlaqələr şöbəsinin rəisi Könül Məhərrəmova və Rəhbərlik yanında aparatın proqram meneceri Üzeyir Bağırov iştirak ediblər. Tədbirdə “Pearson Education” qlobal təhsil şirkəti arasında ömürboyu təhsil və mühəndislik sahəsində ixtisaslaşmış təlimlərin təşkili ilə bağlı danışıqlara start verildi.
Görüş zamanı, Ali Məktəbin Ömürboyu təhsil fakültəsinin təşkili üçün ortaq layihələr hazırlamağı, beynəlxalq təlim proqramlarının akkreditasiyası, Ömürboyu təhsil fakültəsinin təlimçilərini “Pearson Education” tərəfindən təşkil ediləcək metodoloji təlimlərdə iştirakı və digər məsələlər müzakirə olunub. Qeyd olunub ki, BANM-lə və sözügedən şirkət arasında əməkdaşlığın əsas məqsədi - Ömürboyu təhsil fakültəsi tərəfindən təqdim edilən təlim və sertifikatların beynəlxalq səviyyədə tanınması və qlobal tədris proqramlarının Azərbaycanda həyata keçirilməsidir.
Qeyd edək ki, “Pearson Education” qlobal təhsil şirkəti dünyanın 100 ölkəsində fəaliyyət göstərir. Təhsil, informasiya və nəşriyyat sahəsində çalışan şirkət məşhur Prentice Hall, Addison Wesley, Scott Foresman, Longman, Penguin, Dorling Kindersley və Financial Times kimi brend şirkətlərin sahibidir.