Xəbərlər

BANM-də 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) qanlı 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə 20 Yanvar faciəsinin qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov 20 Yanvar hadisələri haqqında danışaraq bu faciənin həmin dövrdə keçmiş sovet respublikalarında baş qaldıran, xalqların milli azadlıq hərəkatlarının bir hissəsi olduğunu dedi. Ramiz Hümbətov sovet ordusunun Bakıda xüsusi amansızlıqla dinc, əliyalın əhaliyə qarşı zorakılıq törətdiyini vurğulayıb. O, qeyd edib ki, 20 Yanvar Bakı qətliamı təkcə faciə deyil, həm də Azərbaycan tarixinin şanlı qəhrəmanlıq salnaməsinə yazılıb. Bu qanlı tarix illər, əsrlər ötsə də, Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaq. O, Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildirib.

BANM-in İngilis dili və humanitar fənlər mərkəzinin dosenti Ələmdər Şahverdiyev 20 Yanvar faciəsinin tarixindən danışıb, bu hadisənin Azərbaycan tarixində mühüm yer tutduğunu bildirib. O, bu hadisələrə tarixi-siyasi qiymətin ilk dəfə Ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini bildirib.  O, qeyd edib ki, bu hadisə Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.

BANM-in Ömürboyu təhsil fakültəsinin dekanı Rəna Mustafayeva və Neft-qaz mühəndisliyi kafedrasının professoru Arif Məmmədzadə öz çıxışlarında həmin qanlı günlərdə canlı şahid olduqları hadisələri dilə gətiriblər, xatirələrini bölüşüblər.

Tədbirin sonunda videogörüntülərdən ibarət qısa sənədli film nümayiş etdirilib.