Xəbərlər
BANM-də fövqəladə vəziyyətlərdə yardım göstərilməsi öyrənilir
Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan beşinci kurs tələbələri üçün yeni fənn olan “Mülki müdafiə: tibbi yardımın göstərilməsinin əsasları” tədris olunur. İngilis dilində tədris olunan dərslərdə tələbələr mülki müdafiənin əsasları, sülh və müharibə şəraitində ekstremal və fövqəladə vəziyyətlərin növləri, belə şəraitdə davranış qaydaları və xilasetmə işlərinin aparılması prosedurları ilə tanış olurlar.
Fənin çərçivəsində tələbələr mülki müdafiədə tibbi yardımla bağlı məsələləri, fövqəladə şəraitdə əhalinin müdafiə olunma növlərini, anti-epidemik, sanitar və gigiyena tədbirlərinin görülməsini öyrənirlər.
BANM-ın “Kimya mühəndisliyi” kafedrasının professoru, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Hərbi hospitalının baş həkimi, tibb elmləri üzrə doktor Kənan Yusif-zadə fənni tədris edir.
Fənnin tədrisinə “Mülki müdafiənin rolu, məqsədləri, və təşkili”, “Qəza şəraitində zədələnən hissələrin tibbi və texniki səciyyəsi”, “Təbii fəlakət və müharibə şəraitində əhalinin yenidən dislokasiyasının tibbi təminatı”, ”Fərdi və tibbi mühafizə üsulları”, “Fövqəladə vəziyyətlərdə zərər çəkmiş şəxslərə qarşı tibbi evakuasiya tədbirlərinin təşkili” və “İlk tibbi yardımın göstərilməsi” kimi mövzular daxildir.
Dərsin proqramına həm nəzəri məruzələrin keçirilməsi, həm interaktiv dərslərin keçirilməsi, təqdimatlar, praktiki tapşırıqlar və real şəraitlərin modulyasiyasının yerinə yetirilməsi daxildir.