Xəbərlər
BANM və Avandsis Group mütəxəssislər üçün təlim keçirib
Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin və “Avandsis Group” şirkətinin birgə təqdim etdiyi “Proses Avtomatlaşdırmanın Əsasları” mövzsunda üç günlük təlim kursu keçirilib. Təlimlərdə SOCAR şirkətinin və “Azneft” İstehsalat Birliyinin mütəxəssisləri iştirak edib.
Kursun ilk günündə “Avandsis Group” şirkətinin Proseslərin Avtomatlaşdırılması şöbəsinin ölçü cihazları mühəndisi Elvin Nəsibov “Ölçü cihazları və icra elementləri” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda ölçü cihazlarının quruluşu, növləri, iyerarxiyası, xüsusiyyətləri və seçilməsi, həmçinin icra elementlərinin növləri, xüsusiyyətləri və seçilməsi barədə geniş məlumat verilib.
Təlimin növbəti günündə “Avandsis Group” şirkətinin Proseslərin Avtomatlaşdırılması şöbəsinin monitorinq sistemləri mühəndisi Səid Bəkirov “İdarəetmə və monitorinq sistemləri” mövzusunda təqdimat edib. Təqdimatda idarəetmə sistemlərinin növləri, aparat və proqram təminatı, monitorinq sistemlərinin növləri, onların aparat və proqram təminatı haqqında geniş məlumat verilib.
Təlimin sonuncu günündə “Avandsis Group” şirkətinin Proseslərin Avtomatlaşdırılması şöbəsinin müdiri Ülvi Həsənov “Funksional təhlükəsizlik və təhlükəsiz cihazlı sistemlər” mövzusunda təqdimatla çıxış edib. Ülvi Həsənov funksional təhlükəsizlik, təhlükəsiz cihazlı sistemlər və idarəetmə sistemləri haqqında geniş məlumat verib.
Kursun sonunda imtahan təşkil olunub və imtahandan müvəffəqiyyətlə keçən iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, təlim kursunun keçirilməsində əsas məqsəd mütəxəssislər arasında proseslərin avtomatlaşdırılması sahəsi üzrə biliklərin yayılması olub.