Xəbərlər

BANM-in tələbələri üzgüçülük təlimində

BANM-in rektoru Elmar Qasımov "Üzgüçülüyün əsasları" təlim kursunun gedişatı ilə tanış olub

Bakı Ali Neft Məktəbinin (BANM) "Neft–qaz mühəndisliyi", "Kimya mühəndisliyi" və "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasları üzrə təhsil alan I kurs tələbələri üçün SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzinin "Hovuz Təlim Kompleksi"ndə "Üzgüçülüyün əsasları" təlim kursu keçirilir. 4-20 iyul tarixlərində keçirilən kursda BANM-in 117 tələbəsi iştirak edir.

 

Təlimlər zamanı TTSİ-nin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzinin "Hovuz Təlim Kompleksi"ni ziyarət edən BANM-in rektoru Elmar Qasımov kursun gedişatı ilə yaxından tanış olub və tələbələrin kurs haqqındakı fikirlərini öyrənib. Kompleksdə olarkən Elmar Qasımov TTSİ-nin rəisi Fuad Süleymanov, kursun rəhbəri və təlimçiləri ilə görüşüb. Görüşdə təlimlər və ortaya çıxa biləcək nöqsanlar haqqında müzakirələr aparılıb, tövsiyyələr verilib. Tələbələrlə səmimi ünsiyyət quran rektor SOCAR tərəfindən onlar üçün yaradılan şəraitdən və onlara ayrılan vaxtdan səmərəli istifadə etməyə çağırıb.  Beynəlxalq standartlara cavab verən mərkəzdə təşkil olunan təlimlərin yüksək səviyyədə keçirildiyini qeyd edən rektor gələcəkdə BANM tələbələrinin təcrübəli kadr kimi yetişmələrinə zəmin yaradacağını vurğulayıb. Sonda tələbələrə uğurlar arzulayıb və TTSİ-nin rəhbərliyinə, təlimçilərə təlimlərin yüksə səviyyədə keçməsinə görə  təşəkkürünü bildirib.

 

Qeyd edək ki, “Üzgüçülüyün əsasları" təlim kursunda TTSİ-nin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzinin peşakar mütəxəssisləri tərəfindən BANM-in tələbələrinə üzgüçülük nəzəriyyəsi, suda nəfəsalma metodikası, suya daxil olma qaydaları, “Poplavok”, “Meduza” və “Ulduz” suda qalma üsulları, üzmə texnikaları (Krol və Brass üzmə metodikaları və qaydaları), xilasedici avadanlıq və fərdi xilasedici vasitələrindən istifadə qaydaları, dənizdə sağqalma, İlkin tibbi yardım, üzmə qabiliyyətinin aşılanması, sürətlə üzmə və s. haqqında təlimatlar verilir.

 

Tələbələrə dəniz şəraitində iş vaxtı təhlükəsizlik, qəza hallarında təhlükəsizlik və ilkin tibbi yardım göstərilməsi haqqında biliklərin verilməsi onların gələcəkdə istehsalatda işlərkən bütün təhlükə anlarına hazır olmasına və onlar tərəfindən dənizdə insan həyatının mühafizəsi üzrə kompleks tədbirlərin görülməsinə, təcrübəli kadr kimi yetişmələrinə zəmin yaradacaq. Sonda kursu uğurla bitirən tələbələrə beynəlxalq standartlara cavab verən sertifikat veriləcək.