Xəbərlər
BANM-in tələbələri IELTS imtahanında yüksək nəticələr göstəriblər
Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisaslarının 1-ci kursunu bitirən tələbələr növbəti tədris ilində ixtisas fənləri üzrə təhsillərini davam etdirmək məqsədilə British Council tərəfindən keçirilən IELTS imtahanında iştirak ediblər.
Açıqlanan nəticələrə görə imtahanda iştirak edən tələbələrdən 92%-i müvəffəqiyyətli nəticə əldə edərək növbəti tədris ilində təhsillərini ixtisas fənləri üzrə davam edəcəklər.
Nəticələrə əsasən, imtahanı müvəffəqiyyətlə keçən 113 tələbədən 1 nəfəri IELTS imtahanında - 8.5 bal, 6 nəfər -8.0 bal, 13 nəfər – 7.5 bal, 33 nəfər- 7.0 bal, 31 nəfər – 6.5 bal, 23 nəfər isə 6.0 bal toplayıblar.
Beləliklə, ümumilikdə BANM-in birinci kursunu bitirən tələbələrin 92%-i IELTS imtahanını uğurla verərək Ali Məktəbin ingilis dili fənni üzrə əsas meyar kimi götürülən minimal 6.0 keçid balını (hər 4 bölmə üzrə minimum 5.5 bal olmaqla) toplayıblar.
Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin tələbələri ilk bir il ərzində intensiv şəkildə ingilis dili fənni üzrə tədris alırlar. Bu məsuliyyətli missiyanı 2012-ci ildən Ali Məktəbdə fəaliyyət göstərən İngilis dili və humanitar fənlər mərkəzinin yüksək ixtisaslı müəllimləri öz üzərinə götürüblər. Onlar ən müasir pedaqoji metodlardan istifadə etməklə, tələbələr üçün tədrisin ən yüksək səviyyədə həyata keçirilməsini təmin edirlər. İlin sonunda IELTS imtahanından uğurla keçən tələbələr növbəti tədris ilində təhsillərini ixtisas fənləri üzrə davam etdirirlər.