Xəbərlər
Bakı Ali Neft Məktəbinin dosentinin ingilis dilində dərs vəsaiti çap olunub
Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” kafedrasının dosenti Xanum Cəfərovanın ingilis dilində “Mathematics-1” (Riyaziyyat-1) adlı dərs vəsaiti çap olunub. 150 səhifədən ibarət olan dərs vəsaiti Bakı Ali Neft Məktəbində yığılıb çapa hazırlanıb və SOCAR-ın Mərkəzləşdirilmiş Mətbəəsində çap edilib.
Dərs vəsaiti “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının ingilis dilində təhsil alan tələbələri üçün nəzərdə tutulub. Vəsaitdə müasir mühəndis hazırlığı ixtisaslarına riyaziyyatın tədrisinin əsas aspektləri öz əksini tapıb. Burada funksiyalar və onların növləri, törəmə və onun tətbiqləri, inteqral və onun tətbiqləri, kompleks ədədlər, xətti cəbr, birinci tərtibli diferensial tənliklər, statistika və ehtimal nəzəriyyəsinin elementləri haqqında ətraflı məlumat verilib. Hər bir nəzəri materiala uyğun olaraq xarakterik misalların geniş izahlı həllinin nümunələri göstərilib. Hər fəsilin sonunda müstəqil çalişmaq üçün hər mövzuya aid olan misallar istifadəçilərə təqdim olunub. Dərs vəsaitindən digər ali məktəblərin mühəndis ixtisasları üzrə ingilis dilində mütəxəssis hazırlayan fakültələrinin tələbə və müəllimləri də istifadə edə bilərlər.
Xanum Cəfərova 1995-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildə “Hilbert fəzasında operator-diferensial tənliklərin həll olunması haqqında” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb. X.Cəfərova müəllimlik fəaliyyəti dövründə funksional analiz, kompleks dəyişənli funksiyalar nəzəriyyəsi, riyazi analiz, xətti cəbr və onun tətbiqi, iqtisadi riyaziyyat, ehtimal nəzəriyyəsi və statistika fənnlərini Azərbaycanın müxtəlif universitetlərində tədris edib. Hal hazırda o, Bakı Ali Neft Məktəbində “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrə “Mühəndislər və alimlər üçün Riyaziyyat” fənnini, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrə “Riyaziyyat” fənnini tədris edir. X.Cəfərova 20-dən çox elmi məqalənin müəllifidir və BANM-nin tələbələri üçün dərslik və dərs vəsaitlərinin hazırlanması üzərində işləyir.