Xəbərlər

BANM-də Ümumdünya əməyin mühafizəsi günü qeyd olunub

Bakı Ali Neft Məktəbdə (BANM) “Ümumdünya əməyin mühafizəsi günü”nə həsr olunmuş iclas keçirilib

 

İclasda BANM-in ümumi işlər üzrə prorektoru Rəşad Həsənov, İnzibati-təsərrüfat işləri üzrə prorektor Oktay Rzayev, Rəhbərlik yanında aparatın əməyin mühafizəsi və təhlükəsizlik texnikası, ekologiya üzrə mühəndisi Xanım Ağasiyeva, Rəhbərlik yanında aparatın psixoloqu Zərinə Əliyeva, Ali Məktəbin professor-müəllim heyəti və digər əməkdaşları iştirak ediblər.

 

İclası açan BANM-in ümumi işlər üzrə prorektoru Rəşad Həsənov əməyin mühafizəsinin əhəmiyyətindən söz açıraq bu tədbirin BANM-də keçirilməsinin ənənəvi hal aldığını bildirib. R.Həsənov BANM-də əməyin mühafizəsi istiqamətində aparılan işlərdən danışaraq Ali Məktəbin İSO-nun OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi” standartı üzrə beynəlxalq sertifikata sahib olduğunu xatırladıb.

 

Çıxış edən BANM-in İnzibati-təsərrüfat işləri üzrə prorektoru Oktay Rzayev “Ümumdünya əməyin mühafizəsi günü” ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini vurğulayıb. O, əməyin mühafizəsi qaydaları və normaları haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

 

BANM-in Rəhbərlik yanında aparatın əməyin mühafizəsi və təhlükəsizlik texnikası, ekologiya üzrə mühəndisi Xanım Ağasiyeva “İş yerində stress: kollektiv çağırış” mövzusunda məruzə ilə çıxış edib. X.Ağasıyeva məruzəsində kollektivdə stress yarada biləcək amillərdən, stressin yarada biləcəyi xəstəliklərdən, kollektivdə xoş rəftar və davranış münasibətlərinin qurulmasından, stressin insan sağlamlığına və əmək qabiliyyətinə  mənfi təsirindən bəhs edib.

 

Sonra BANM-in Rəhbərlik yanında aparatın psixoloqu Zərinə Əliyeva “İş yerində stress: kollektiv çağırış” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda stressin insan həyatına təsirinin psixoloji tərəfləri haqqında geniş məlumat verilib.

 

Sonda mövzu ətrafında  müzakirələr aparılıb və əməyin mühafizəsi ilə bağlı müxtəlif təkliflər irəli sürülüb.