Xəbərlər

BANM-də Lənkəran İstək liseyinin şagirdləri ilə görüş keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) Lənkəran “İstək” liseyinin şagirdləri  ilə görüş keçirilib. Görüşdə liseyin müəllimləri və şagirdləri, BANM-in Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova iştirak ediblər.

 

Tədbiri açan Bakı Ali Neft Məktəbinin (BANM) Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı şagirdləri salamlayıb və Ali Məktəbdə görməkdən məmnunluq ifadə edib.  H.Sadıqlı təqdimatla çıxış edərək, şagirdlərə BANM-in yaranma tarixi, fəaliyyət istiqamətləri, yeni kampusu, illər üzrə ümumi statistik göstəriciləri,  BANM-in ixtisasları üzrə minimal keçid balları, əməkdaşlıq etdiyi xarici şirkətlər və ali təhsil müəssisələri, tədris proqramları, daxili qaydaları, yerli və transmilli şirkətlərdə təşkil olunan təcrübələr, seminarlar və BANM-in fəaliyyətinin digər istiqamətləri  haqqında geniş məlumat verib. BANM-in 2015/2016-cı tədris ili üçün tələbə qəbulunun əsas göstəricilərinə görə liderlik mövqeyini saxladığını və bütün göstəricilərə görə dinamika müşahidə olunduğunu vurğulayıb.

 

Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova çıxış edərək, BANM-in abituriyentlər üçün ən cəlbedici və nüfuzlu ali təhsil müəssisəsi olduğunu vurğulayıb və şagirdlərə gələcəkdə burada təhsil almağı tövsiyə edib. Zeynab Kazımova BANM-də oxumağın gələcəkdə onların əsl peşəkar mühəndislər və neftçilər olmaqla yanaşı, şəxsiyyət kimi yetişməsinin qarantı olduğunun deyib.

 

Sual-cavab sessiyasından sonra şagirdlər BANM-in tədris auditoriyaları və laboratoriyaları, yeni kampusunun maketi ilə tanış olublar. 

 

Sonda görüşdə iştirak edən müəllimlər və şagirdlər təqdimatdan məmnunluqlarını bildirib və belə səmərəli görüşün təşkilinə görə BANM-in rəhbərliyinə təşəkkür ediblər.