Xəbərlər

BANM-də tələbələr Gənclər günü ilə bağlı mükafatlandırıldılar

   Bakı Ali Neft Məktəbində (BANM) 2 fevral “Gənclər günü” münasibətilə tədbir keçirildi. Tədbirdə BANM-in professor-müəllim heyəti və tələbələri iştirak edirdilər.

 

Tədbiri açan Bakı Ali Neft Məktəbinin Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Ramiz Hümbətov Ali Məktəbin rektoru Elmar Qasımovun adından tələbələri ürəkdən təbrik edərək onların timsalında bütövlükdə Azərbaycan gəncliyinə təbriklərini çatdırdı. Ramiz Hümbətov dedi ki, Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün dövlətimiz tərəfindən yeni islahatlar həyata keçirilməkdədir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2006-cı il 19 oktyabr tarixli sərəncamına əsasən, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" sayəsində Azərbaycan gənclərinin xaricdə təhsilinin təmin olunduğunu və "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nı təsdiq edən sərəncam imzalandığını da nəzərə çatdırdı. Azərbaycanın insan potensialının bünövrəsi olan gənclərin inkişafı üçün hər cür şəraitin yaradıldığını qeyd edən prorektor vurğuladı ki, hər bir gənc bu imkanlardan maksimum bəhrələnməlidir. Prorektor Ramiz Hümbətov Bakı Ali Neft Məktəbinin dövlət tərəfindən həyata keçirilən çox uğurlu sosial yönümlü layihə olduğunu və Ali Məktəbdə bu istiqamətdə işlərin uğurla aparıldığını bildirdi. O, BANM-in tələbələrinə Azərbaycan gənci olaraq həm layiqli vətəndaş, həm də yüksək ixtisaslı mütəxəssis kimi gələcəkdə ölkəmizin daha da inkişafı üçün çalışmalarını tövsiyə etdi. Ramiz Hümbətov tələbələri “Gənclər günü” münasibətilə bir daha təbrik etdi, onlara həm təhsildə, həm də ictimai fəaliyyətdə uğurlar arzuladı.

 

Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müəllimi Abbas Əlili, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan II kurs tələbəsi Pakizə Paşayeva çıxış edərək, ölkəmizdə həyata keçirilən gənclər siyasətindən söz açdılar və tələbə-gənclərə təbriklərini çatdırdılar.

 

Sonra Bakı Ali Neft Məktəbinin fəaliyyətində yaxından iştirak edən, müxtəlif tədbir, müsabiqə, seminar və konfranslarda Ali Məktəbi layiqincə təmsil etmiş tələbə gənclərin mükafatlandırılması mərasimi oldu. BANM rəhbərliyi tərəfindən tədris ili ərzində fəallıq göstərən tələbələr, BANM-də keçirilən müxtəlif tədbirlərin, o cümlədən təlim kurslarının, həmçinin müxtəlif respublika səviyyəli və daxili müsabiqələrin iştirakçıları həvəsləndirici diplomlarla, sertifikatlarla və hədiyyələrlə təltif olundular. Tələbələrə idman, elm və ictimai fəallığa görə müxtəlif diplom, sertifikat və hədiyyələr təqdim olundu.