Xəbərlər

Bakı Ali Neft Məktəbində “Bank Respublika”nın tərəfdaşlığı ilə “FinovateBank Hackathon” keçirildi

Bakı Ali Neft Məktəbində (BANM) "Bank Respublika”nın tərəfdaşlığı ilə “FinovateBank Hackathon” adlı innovativ yarış təşkil olunub.
İki gün davam edən hakatonda 109-a yaxın müraciət arasından seçilmiş 12 komanda real bank problemlərinə proqramlaşdırma və biznes yönümlü həllər hazırlayıb. Yarış boyunca iştirakçılar maliyyə texnologiyaları sahəsində bilik və bacarıqlarını nümayiş etdirərək bank xidmətlərinin təkmilləşdirilməsinə yönəlmiş orijinal ideyalar təqdim ediblər.
Komandaların layihələri innovasiya dərəcəsi, texniki icra, faydalılıq və təqdimat keyfiyyəti meyarları üzrə qiymətləndirilib. Yüksək rəqabət şəraitində baş tutan hakatonun nəticələrinə əsasən, Bakı Ali Neft Məktəbinin tələbələrindən ibarət “TECHBHOSS” komandası I yerə, “InnoBankers” komandası II yerə, üzvlərinin əksəriyyəti BANM tələbələrindən ibarət olan “Business Support” komandası isə III yerə layiq görülüb.

Qaliblər “Bank Respublika” tərəfindən müvafiq olaraq 3 000 AZN, 2 000 AZN və 1 000 AZN məbləğində pul mükafatları ilə təltif olunublar.
Mükafatlandırma mərasimində çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov "Bank Respublika”ya tərəfdaşlığa və belə təşəbbüslərin reallaşmasına verdiyi töhfəyə görə təşəkkür edib. Rektor hakatonun gənclərin yaradıcılıq potensialının inkişafına, praktiki biliklərin artırılmasına və gələcək karyera yollarında uğur qazanmalarına mühüm töhfə verəcəyinə inandığını vurğulayıb.
“Bank Respublika”nın İdarə Heyəti sədrinin müavini Elnur Həsənov isə çıxışında bu əməkdaşlığın gənclərin dəstəklənməsi, yaradıcılıq mühitinin formalaşdırılması və innovasiyaların təşviqi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, uğurla keçirilən bu hakaton gənclərə bankçılıqda yeni texnoloji həllər təklif etmək və fərqli düşünmə bacarıqlarını nümayiş etdirmək üçün ideal platforma olub.