Xəbərlər

Konqo Milli Neft Korporasiyasının nümayəndələri Bakı Ali Neft Məktəbində olub

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Konqo Milli Neft Korporasiyasının  (SNPC) nümayəndələri ilə görüşüb. 

Görüşdə SNPC-nin maliyyə dəstəyi ilə BANM-də bakalavriat səviyyəsində təhsil alan konqolu tələbələr də iştirak ediblər. 

Elmar Qasımov bildirib ki, SOCAR və SNPC arasında 4 aprel 2024-cü il tarixində imzalanmış Anlaşma Memorandumuna əsasən konqolu tələbələr BANM-də təhsil alırlar. 

Rektor qeyd edib ki, konqolu tələbələr ən nümunəvi tələbələrdəndir və onlar burada peşəkar kadr kimi yetişərək təkcə neft-qaz sahəsində deyil, Konqonun bütün sənaye sahələrində işləyəcəklər.

Konqo nümayəndə heyətinin rəhbəri, SNPC şirkətinin rəhbərinin köməkçi Roland Akenandey Bakı Ali Neft Məktəbindəki şəraiti yüksək qiymətləndirdiklərini, tələbələrin burada peşəkar kadr kimi yetişəcəklərinə əmin olduğunu bildirib. O, yaxında yeni tələbələrin də göndəriləcəyini qeyd edib.