Xəbərlər

BANM-da "Sabahın alimləri" mükafatlandırıldı

Bakı Ali Neft Məktəbində “Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
 
Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, eləcə də Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış ediblər. Bildirilib ki, “Sabahın alimləri” layihəsi şagirdlərin tədqiqatçılıq bacarıqlarının formalaşmasında mühüm rol oynayır və onların gələcəkdə beynəlxalq elmi arenada uğur qazanmasına imkan yaradır.

Tədbirdə 1, 2 və 3-cü yerlərin qaliblərinə diplom və medallar, fərqlənən şagirdlərə xüsusi mükafatlar, iştirakçıların hər birinə isə sertifikatlar təqdim olunub. Qalib layihələrin elmi rəhbərlərinə isə təşəkkürnamələr veriləcək.
 
Müsabiqə Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Heydər Əliyev Mərkəzi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin tərəfdaşlığı və Bakı Ali Neft Məktəbinin ev sahibliyi ilə keçirilib.

Məqsəd elmi-tədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdləri aşkara çıxarmaq, onların bacarıqlarını inkişaf etdirməkdir.