Xəbərlər
BANM-da “Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin açılış mərasimi keçirilib
Bakı Ali Neft Məktəbində “Sabahın Alimləri” XIV Respublika layihə müsabiqəsinin açılış mərasimi keçirilib.
Açılış mərasimində elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil İnstitutunun direktor müavini, layihə direktoru Fuad Qarayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Millət vəkili Ceyhun Məmmədov, eləcə də “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qızıl medal mükafatçısı İbrahim Allahverdiyev iştirak və çıxış ediblər.
Müsabiqənin şagirdlərə öz potensiallarını göstərmək və yeni perspektivlər yaratmaq üçün əvəzolunmaz imkan təqdim etdiyini vurğulayıblar. Sonra qonaqlar finalçıların layihələri ilə tanış olublar.
Qeyd edək ki, müsabiqə Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Heydər Əliyev Mərkəzi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin tərəfdaşlığı və Bakı Ali Neft Məktəbinin ev sahibliyi ilə keçirilir.
Müsabiqədə növbəti iki gün ərzində şagirdlərin doqquz istiqamət üzrə elmi-tədqiqat layihələri dəyərləndiriləcək.
Qaliblər sırasından seçilən məktəblilər ABŞ-də keçirilən sərgidə ölkəmizi təmsil edəcəklər.

















