Xəbərlər

BANM-da Beynəlxalq Ana Dili və Mədəniyyət Günü tədbiri keçirilib

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) əcnəbi tələbələrin iştirakı ilə Beynəlxalq Ana Dili və Mədəniyyət Günü tədbiri keçirilib.

Tədbirin açılışında BANM rektoru Elmar Qasımov mədəniyyətlərarası əməkdaşlığın və müxtəlif millətlərdən olan tələbələrin təhsilinin dəstəklənməsinin əhəmiyyətini vurğulayıb. Hazırda BANM-da təhsil alan əcnəbi tələbələrin sayı 42 olduğu qeyd olunub.

BANM-a qəbul olunan əcnəbi tələbələr müxtəlif maliyyələşmə mənbələri və qrantlar vasitəsilə, o cümlədən SOCAR təqaüdü, Hökumətlərarası Təqaüd Proqramları, “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı, sponsor təşkilatların dəstəyi və Dövlət İmtahan Mərkəzinin mərkəzləşdirilmiş imtahan sistemləri çərçivəsində qəbul edilirlər. Tələbələr Çin, Banqladeş, Konqo, Somali, Özbəkistan, Türkiyə, Rumıniya, Misir, İraq, Səudiyyə Ərəbistanı və digər ölkələrdən gəlirlər.

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” Proqramı çərçivəsində 9 tələbə, Konqo Milli Neft Şirkəti (SNPC) və SOCAR arasında imzalanmış razılaşma çərçivəsində 8 konqolu tələbə, Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Çin Xalq Respublikasından 3 tələbə və BANM ilə BMT-nin Təlim və Tədqiqat İnstitutunun birgə layihəsi çərçivəsində 3 Nigeriyalı tələbə təhsil alır.

BANM Azərbaycan təhsil tarixində ilk dəfə olaraq kimya mühəndisliyi üzrə təhsil proqramını xarici tərəfdaşa - Özbəkistanın Buxara Mühəndislik-Texnoloji Universiteti və Daşkənd Kimya Texnologiyası Universitetinə ikili diplom proqramı çərçivəsində təklif etməyə başlayıb. Hazırda hər iki universitetdən 19 tələbə ikili diplom proqramına cəlb edilib və Özbəkistanda təhsilə başlayıblar.

Tədbir zamanı BANM-ə 2023 və 2024-cü illərdə “Beynəlmiləlləşmə faəliyyəti”nə görə Təşəkkürnamə təqdim olunub. Təşəkkürnamə Azərbaycan Respublikasının Elm və Təhsil Naziri cənab Emin Əmrullayevin imzası ilə verilib.

Tədbirdə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri Müjdat Həsənov və Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare çıxış edərək, Azərbaycanın müxtəlif millətlərdən olan tələbələrə ev sahibliyi etməsinin və bu cür tədbirlərin akademik uğurlar və mədəniyyətlərarası anlaşmanın inkişafına böyük töhfə verdiyini bildiriblər.

Tədbir boyunca tələbələr milli geyimlərdə iştirak edərək, mədəni müxtəlifliyi əks etdirən təqdimatlar, musiqi ifaları və digər maraqlı fəaliyyətlər nümayiş etdiriblər. Tədbirə Azərbaycan, Banqladeş, Somali, Çin, Qazaxıstan, Hindistan, Rusiya, Türkiyə, Pakistan, İraq, Yəmən, Sudan və Rumıniya kimi müxtəlif ölkələrdən olan tələbələr qatılıblar.