Xəbərlər

BANM-da 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbir iştirakçıları 20 Yanvar şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Anım tədbirində çıxış edən Ümumi işlər üzrə prorektor Babək Məmmədov 20 Yanvar faciəsini xalqımızın azadlıq və müstəqillik yolunda göstərdiyi qəhrəmanlıq və milli iradənin təcəssümü kimi dəyərləndirib. O, həmin faciənin xalqımızın tarixinə qızıl hərflərlə yazıldığını qeyd edib. 

Şəhid Aslan Ağaverdiyevin həyat yoldaşı Zərifə Ağaverdiyeva çıxışında 20 Yanvar şəhidlərinin göstərdiyi fədakarlığın bu gün hər bir azərbaycanlının qəlbində dərin izlər buraxdığını vurğulayıb. Şəhidlərin Vətən uğrunda həyatlarını fəda etdiklərini, bu qurbanların azadlıq və müstəqillik ideallarının təməlini qoyduğunu bildirib.

Biznesin idarə edilməsi kafedrasının müdiri dosent Altay İsmayılov isə 20 Yanvar hadisələrinin Azərbaycan xalqının milli iradəsinin simvolu olduğunu qeyd edərək, həmin günün gənc nəsillərə vətənpərvərlik ruhunu aşılamaqda böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. 

Tədbirin sonunda “Növbəti stansiya 20 Yanvar” adlı sənədli film nümayiş etdirilib.