Xəbərlər
2024-cü il BANM üçün yaddaqalan oldu
Əziz BANM ailəsi!
Yola saldığımız 2024-cü il Bakı Ali Neft Məktəbi üçün yaddaqalan oldu.
BANM-ın 4 ixtisası Azərbaycan universitetləri arasında ən yüksək keçid balına görə ilk 5-likdə yer aldı. I və II qrup üzrə ən yüksək keçid balına malik oldu. Ölkə tarixində ən yüksək keçid balı (687.1 bal) ilə yanaşı, ən yüksək orta keçid balı da (645 bal) BANM-a aid idi.
Beynəlxalq və respublika fənn olimpiadalarının 16 qalibi müsabiqədənkənar BANM-a qəbul oldu. Qəbul planı 100 faiz doldu. Yeni açılan Kompüter elmləri ixtisası üzrə tələbə qəbulu həyata keçirildi. Bu il 33 Prezident təqaüdçüsü ilə (102 təqaüddən) BANM yenə də liderliyini qorudu. Öz rekordunu məhz özü yenilədi. Təqaüdçülərin üçdə birini Ali Məktəbin tələbələri təşkil etdi.
685 baldan yuxarı nəticə göstərən 13 tələbəmiz Dövlət İmtahan Mərkəzi (DİM) və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təsis etdiyi “Elm və texnologiya” təqaüdünə layiq görüldü.
35 məzunumuz “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazandı. Dövlət Proqramının magistratura səviyyəsinə qəbul olanların 10 faizi BANM məzunları idi. Bu da məzunlarımızın say nisbətinə görə ölkədə ən yüksək göstəricini təşkil edir.
“BHOSWARE” komandamız “TEKNOFEST-2024”ün qalibi oldu. Türkiyənin Antalya şəhərində keçirilən Festivalda “Hackmasters” kateqoriyası üzrə keçirilən CTF yarışında I yerə layiq görüldü.
“TEKNOFEST”də Azərbaycanı ən çox komanda ilə BANM təmsil etdi. Ölkə üzrə startap və hakatonlarda birinci yerə çıxdıq. BANM-da təhsil alan əcnəbi tələbələrin sayı iki dəfə artdı.
Azərbaycan təhsil sistemində ilk dəfə Xaricə ali təhsil proqramlarının ixracını həyata keçirdik. BANM Özbəkistanın Daşkənd Kimya Texnologiyası İnstitutu və Buxara Mühəndislik-Texnoloji İnstitutuna ali təhsil proqramlarının ödənişli əsasda ixracına və ikili diplom proqramı layihələrinin reallaşdırılmasına başladı.
“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu” çərçivəsində 8 konqolu gənc Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi ixtisasları üzrə təhsil almağa başladı.
BANM COP29 çərçivəsində 3 mötəbər tədbirə ev sahibliyi etdi. BANM COP29 çərçivəsində keçirilən ideathon yarışının qalibi oldu. “Sabahın alimləri” XIII Respublika Müsabiqəsi və Məktəblilərarası IX Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi, eləcə də III Bakı Elm Olimpiadasına ev sahibliyi etdi.
Bakı Ali Neft Məktəbinin II komandası “Baku Investment Day”də 200 min dollar investisiya qazandı. Magistratura imtahanında ən yüksək balı BANM tələbələri topladı.
Bu il 13 illiyini qeyd etdiyimiz Ali Məktəbin maddi-texniki bazası daha da gücləndirildi, yeni laboratoriyalar istifadəyə verildi.
Uğurlarımızda payı olan hər kəsə təşəkkür edirəm. Qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Sizi və ailənizi ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram!
Bayramlarınız mübarək.
Dərin hörmətlə,
Elmar Qasımov
Bakı Ali Neft Məktəbinin rektoru