Xəbərlər

Elmar Qasımov XRİTDX-nin təlim proqramının açılışında iştirak edib

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) İstanbul Texniki Universiteti ilə birgə layihəsi olan “Simsiz rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları” mövzusunda təlim proqramının açılış mərasimi keçirilib.

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov sözügedən tədbirdə iştirak edib. Rektor təlim proqramının əhəmiyyətini vurğulayıb, bu proqramın tələbələrimiz üçün mühüm bir fürsət olduğunu, eləcə də Azərbaycanın rəqəmsal sahədə əldə etdiyi uğurlarını daha da artırmaq üçün əhəmiyyətli rol oynayacağını bildirib.

BANM tələbələrindən ibarət komandanın “TEKNOFEST”də kibertəhlükəsizlik üzrə keçirilən müsabiqədə birinci yerə layiq görüldüyünü xatırladıb.

Artıq 6-cı ildir ki, Ali Məktəbin İnformasiya təhlükəsizliyi ixtisasının ölkəmizdə ilin ixtisası seçildiyini deyib.

Bu minvalla, tələbələrin potensialının tam şəkildə reallaşdırılması üçün güclü müəllim heyətinin, müasir tədris proqramlarının və konkret hədəflərin vacibliyini vurğulayıb. O, “Simsiz rabitə üzrə süni intellektlə dəstəklənən kibermüdafiə üsulları” təliminin sənaye, tədqiqat və universitetlər arasında əməkdaşlığı təmin edən qızıl üçbucağın qurulmasında əsas rol oynadığını bildirib.

Tədbirdə XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev, TÜBİTAK BİLGEM Mərkəzinin rəhbəri Ali Görçin və başqaları iştirak ediblər.