Xəbərlər

BANM-da BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin təbliği ilə bağlı tədbirlər

Bakı Ali Neft Məktəbinin (BANM) tələbə klubları BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin təbliği ilə bağlı bir sıra tədbirlər təşkil edib. 

 

Ali Məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş növbəti ekoloji aksiya keçirilib. Aksiya “Təbiətin mühafizəsində bir olaq!” şüarı altında baş tutub. Məqsəd kağızın təkrar emalı, ağac əkilməsi və sıfır tullantı prinsipləri vasitəsilə ekoloji təmizliyi təşviq etməkdir. Bu təşəbbüsün təşkili və həyata keçirilməsində Ali Məktəbin “Kitab klubu” rəhbəri, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının III kurs tələbəsi Rəna Rəsulzadə, eləcə də klubun üzvləri Neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbəsi Xumar Tağızadə və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının II kurs tələbəsi Səkinə Ağayeva önəmli rol oynayıblar. 

İncəsənət klubunun (BHOS Art Club) təşkilatçılığı ilə “Wearable Art” layihəsi keçirilib. Layihə “Yaşıl dünya naminə həmrəylik ili” və COP-29-a həsr olunub. Layihə çərçivəsində tələbələr rəsm məharətlərini nümayiş etdiriblər. 

“Eləcə də, “Unleash Your Skills Towards a Green Future!” adlı tədbir Neftçi Mühəndislər Cəmiyyəti (SPE BHOS) və GERB qrupu ilə birgə təşkil olunub. Tədbirdə bərpaolunan enerji siyasəti və bu sahədə görülən işlər barədə məlumat verilib. Tədbirdə Bakı Ali Neft Məktəbi ilə yanaşı, Fransa-Azərbaycan Universiteti (UFAZ) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri də iştirak ediblər. 

Bundan başqa, Ali Məktəbin “Kino klubu” (BHOS Cinema Club) tərəfindən "WALL-E" animasiya filmi nümayiş olunub. Film BANM tələbələri tərəfindən böyük maraqla qarşılanıb. Məqsəd COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tələbələri maarifləndirmək və onlara ekoloji məsuliyyət hissini aşılamaqdır. “Kino klubu” sosial və maarifləndirici missiyanı həyata keçirir və müxtəlif janrlı filmləri təqdim edir. 

Tələbələrimiz mütəmadi olaraq heyvan sığınacaqlarını ziyarət edir və dərman və ərzaq yardımı göstərirlər. Növbəti belə aksiya SPE və ACC klublarının təşkilatçılığı ilə keçirilib. 20-yə yaxın tələbə Buzovna sığınacağına səfər edərək heyvanlar üçün yemək və dərman vəsaitləri çatdırıblar.

BANM-də narkomaniyaya qarşı mübarizə mövzusunda tədbir keçirilib. Ali Məktəbin Ümumi işlər üzrə prorektoru Babək Məmmədov gənclərin zərərli vərdişlərdən qorunması üçün bu yöndə davamlı maarifləndirmə tədbirlərinin keçirildiyini deyib, əsasən də əsrin bəlası olan narkotik maddələrdən tələbələrin uzaq durmalarını tövsiyə edib.

Sonra mövzu ilə bağlı Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının böyük məsləhətçisi Vasif Quliyev və “Gənclərin Antinarkomaniya” İctimai Birliyinin sədri Büllur Məmmədova çıxış ediblər. Gənclərin narkotik vasitələrə və psixotrop maddələrə aludəçiliyinə qarşı mübarizədə hamını fəal olmağa çağırıblar. Sonda Ali Məktəbin tələbələrinin sualları cavablandırılıb.