Xəbərlər
Elmar Qasımov “III Milli Kibertəhlükəsizlik Forumu”nda
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı və “Azerconnect Group”un əsas tərəfdaşlığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “III Milli Kibertəhlükəsizlik Forumu” keçirilib.
350 nəfərdən çox mütəxəssisin iştirak etdiyi forum çərçivəsində “Kibertəhlükəsizlik üzrə təhsil və insan resursları” adlı panel baş tutub. Sual-cavab formatında keçirilən paneldə Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov çıxış edib.
BANM-in rektoru Elmar Qasımov əmək bazarı ilə əməkdaşlıq etməyən universitetlərin məzunlarının iş tapmaqda böyük problemlər yaşayacağını bildirib: "Bunun üçün universitetlərə Elm və Təhsil Nazirliyi tərəfindən tam sərbəstlik verilib. Bizim Ali Məktəbdə təhsil alan tələbələr II kursdan etibarən yay aylarında istehsalat təcrübə proqramlarında iştirak etməlidirlər. Daha sonra hesabat verməli və kredit almalıdırlar. Bu, bizim proqramımızda təsdiq olunub. Bunun nəticəsidir ki, V kursda təhsil alan tələbələrimiz diplom almadan belə çalışırlar. Biz əmək bazarı ilə qarşılıqlı əlaqədə deyil, SOCAR-ın ali təhsil müəssisəsi olaraq əmək bazarının və istehsalatın içərisindəyik”.
Forumun əsas məqsədi kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verən qurum, təşkilat və şirkətlərin, eləcə də tərəfdaş ölkələrin nümayəndələri və ekspertləri ilə birgə müzakirələrin həyata keçirilməsi olub.