Xəbərlər
II BANM Biznes Forumu keçirilib
Bakı Ali Neft Məktəbində (BANM) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş II BANM Biznes Forumu keçirilib.
“Biznesdə dəyişən idarəetmə yanaşmaları” mövzusundakı tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov bildirib ki, bu forum sürətlə dəyişən dövrdə biznes və təhsilin sıx əlaqələrini, çağırışlara cavab vermək üçün fərqli yanaşmaları, təhsil müəssisələrinin prosesə hazırlığını müzakirə etmək, yeni ideyalar barədə fikir mübadiləsi aparmaq üçün faydalı platformadır.
Sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov “Kiçik və orta biznesdə (KOB) strateji idarəetmə:dayanıqlı və innovativ inkişaf” mövzusunda çıxış edib. Natiq Həsənov onu da vurğulayıb ki, artıq bir neçə dəfə BANM-in layihələri KOBİA-nın qrantını qazanıb.
Biznes Forumda “ALPHA Coaching & Consulting” şirkətinin idarəedici partnyoru Elçin Əzimli, “SAT Group”un həmtəsisçisi Anar Bayramov, “Center of Agile Communications” şirkətinin təsisçisi Anar Rüstəmov və Dünya Bankının Maliyyə və özəl sektorun inkişafı üzrə məsləhətçisi Ramil Məhərrəmov maraqlı təqdimatlar edib, təcrübələrini bölüşüblər. Sonda Bakı Ali Neft Məktəbinin Biznesin idarə olunması kafedrasının müdiri Altay İsmayılov forumun nəticələrinə dair çıxış edib.
Daha sonra iştirakçılar Bakı Ali Neft Məktəbində keçirilən “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin sərgisi ilə tanış olublar.