Xəbərlər
Bakı Ali Neft Məktəbi RFO-nun informatika fənni üzrə yarımfinalına ev sahibliyi edib
SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirilən Respublika fənn olimpiadalarının (RFO) informatika fənni üzrə yarımfinal turuna ev sahibliyi edib.
İki gün keçirilən yarımfinal turunun ilk günündə 8-9-cu sinif şagirdləri, ikinci günündə isə 10-11-ci sinif şagirdləri yarışıblar. Bakı Ali Neft Məktəbində imtahanda iştirak edən şagirdlərin sayı 300 nəfərə yaxın olub.
Yarışların açılışında çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov şagirdlərə uğurlar arzulayaraq belə möhtəşəm tədbirin rəhbərlik etdiyi ali təhsil müəssisəsində keçirilməsindən məmnunluğunu ifadə edib. Rektor informatika fənninin vacib fənlərdən olduğunu, bu fənn üzrə bir çox olimpiada qalibinin Bakı Ali Neft Məktəbini seçdiyini və onların burada peşəkar kadr kimi yetişdiklərini vurğulayıb.
Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev ev sahibliyi üçün Bakı Ali Neft Məktəbinin rəhbərliyinə təşəkkür edərək gələcəkdə də bir çox layihələrin burada keçiriləcəyinə əminliyini bildirib.