Xəbərlər

bp-nin vitse-prezidenti Bakı Ali Neft Məktəbində olub

bp şirkətinin sosial fəaliyyət üzrə vitse-prezidenti Tural Vəliyev, şirkətin Azərbaycan- Gürcüstan-Türkiyə regionunda sosial sərmayələr üzrə regional rəhbəri Xalid Rəcəbov, Azərbaycanda sosial sərmayələr üzrə meneceri Babək Həmidov SOCAR-ın Bakı Ali Neft Məktəbində olublar.

Ali Məktəbin kampusu ilə tanış olan qonaqlara burada yerləşən laboratoriyalar, müasir tədris şəraiti barədə məlumat verilib.

BANM-in Tədris və elmi işlər üzrə prorektoru Sevda Zərgərova Ali Məktəbin yaranması, fəaliyyəti, tədris olunan ixtisaslardan bəhs edərək bildirib ki, gənc ali təhsil müəssisəsi olmasına baxmayaraq, BANM böyük nüfuz qazanıb, ötən illər ərzində burada həm tələbələrin sayı artıb, həm də yeni ixtisaslar açılıb. O vurğulayıb ki, qazandığı nüfuzun nəticəsində ölkənin ən yüksək bal toplayan abituriyentləri Bakı Ali Neft Məktəbini seçir və burada yüksəksəviyyəli biliklərə yiyələnərək peşəkar kadr kimi yetişirlər.

BANM-in prorektoru bp ilə əməkdaşlığa toxunaraq bildirib ki, bp şirkəti BANM-in ən yaxın tərəfdaşlarından biridir və bu illər ərzində uğurlu əməkdaşlıq həyata keçirilib, şirkətin dəstəyi ilə bir sıra layihələr icra olunub, BANM tələbələri hər il bp-də istehsalat təcrübəsi keçir, layihələrdə fəal iştirak edir, həmçinin çoxlu sayda məzun bp-də işlə təmin olunub və müxtəlif vəzifələrdə uğurla fəaliyyət göstərirlər.

bp şirkətinin sosial fəaliyyət üzrə vitse-prezidenti Tural Vəliyev Bakı Ali Neft Məktəbində yaradılan infrastrukturu, müasir laboratoriyaları yüksək qiymətləndirib. O bildirib ki, buradakı təhsilin keyfiyyəti dünya səviyyəlidir və beynəxalq standartlara uyğundur. O, bp şirkətinin BANM-lə əməkdaşlıqda maraqlı olduğunu, əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə gələcək əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparılıb.