Xəbərlər
Bakı Ali Neft Məktəbində SOCAR-ın Gənc İstedadlar Proqramının təqdimatı olub
Bakı Ali Neft Məktəbinin tələbələri üçün SOCAR-ın Gənc İstedadlar Proqramı barədə təqdimat keçirilib.
Təqdimat mərasimində rektor Elmar Qasımov bildirib ki, SOCAR-ın prezidenti Rövşən Nəcəfin təşəbbüsü ilə həyata keçirilən Gənc İstedadlar Proqramı yeni səriştə və bacarıqların əldə olunması üçün əvəzsiz platformadır və proqramdan yararlanan tələbələr arasında Bakı Ali Neft Məktəbinin tələbələri də olub. Rektor tələbələrin bu Proqrama böyük maraq göstərdiklərini, Proqramı uğurla başa vuran tələbələrin SOCAR-ın müəssisələrində əmək fəaliyyətinə başladıqlarını xatırladıb. O, bu il də Proqrama müraciət edərək SOCAR-ın təqdim etdiyi bu imkandan yararlanmaq istəyən tələbələrin sayının çox olacağına əminliyini bildirib.
SOCAR-ın Baş ofisində İnsan resursları departamentinin işəqəbul şöbəsinin rəisi Cavid Umbayev, şöbə rəisinin müavini Həmid İsrafilov və aparıcı mütəxəssis Aygün Qəniyeva təqdimatda iştirak edən IV və V kurs tələbələrinə Proqram barədə geniş məlumat verib, seçim prosesindən danışıb, tələbələrin suallarını cavablandırıblar.
Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının builki məzunu, hazırda BANM-də magistratura təhsili alan və SOCAR-ın STAR neft emalı zavodunda işə qəbul olan Fərid Hüseynli və “SOCAR Downstream”də çalışan BANM-in ötənilki məzunu Çiçək Bayramova Gənc İstedadlar Proqramının üstünlüklərindən danışıb, onlara bu imkandan yararlanmağı tövsiyə ediblər.